Türkiyə qüvvələri Ankaranın mərkəzində terror aktından sonra İraqın şimalında PKK yaraqlılarının hədəflərinə hava zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi X (keçmiş Tvitter) səhifəsində məlumat yayıb.
"İraqın şimalındakı Metina, Hakurk, Qəndil və Qara bölgələrində terrorçuların hədəflərinə aviazərbələr endirilib", - deyə idarənin açıqlamasında bildirilir.
Nazirliyin verdiyi məlumata görə, nəticədə 20 terror obyekti məhv edilib. Bundan əlavə, çoxlu sayda terrorçu zərərsizləşdirilib.
Oktyabrın 1-də Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı baş verib, iki polis əməkdaşı yaralanıb. Terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib. Partlayışdan əvvəl bir neçə dəfə atəş açıldığı da bildirilib.