Rusiya ordusu Avdiv yaxınlığında 1 zirehli texnika batalyonunu itirib, amma ölkənin hərbi rəhbərliyinin bütün bəyanatlarına baxmayaraq, ciddi taktiki uğur əldə etməyiblər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Bununla belə, Rusiya qüvvələri Avdivə hücumlarını intensivləşdiriblər. Son məlumata görə, rus qoşunları Avdiv yaxınlığında ciddi irəliləyiş əldə etməyib. Şəhərdəki Ukrayna qüvvələrini sıxışdırıb çıxaracağı inandırıcı görünmür.
ISW-nin hesablamasına görə, Rusiya qüvvələri oktyabrın 10-dan Avdiv ətrafında müxtəlif istiqamətlərdən 4.52 kvadratkilometr ərazini ələ keçirib. ABŞ institutu iddia edir ki, Rusiya mənbələri Avdivlə bağlı açıqlamalarını şişirdir.
Rus qoşunları Avdiv yaxınlığında əlavə əraziləri ələ keçirdiklərini iddia edirlər. Məsələn, Avdivdən keçən dəmir yolunun cənubundakı hissəsini işğal etdiyini və şəhər boyu irəlilədiyini bildirirlər. Amma ISW bu iddiaları təsdiq etməyib.