Avstraliyanın şərq sahilləri növbəti dəfə meşə yanğınları dalğasına məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bu həftə hakimiyyət orqanları iki nəfərin öldüyünü, 30-dan çox evin dağıldığını bildirib.
Əsas problemli ərazilərdən biri quru və ucqar Moondarra şəhəri (Brisbendən 1800 kilometrdən çox şimal-qərbdə yerləşir) və yanğının nəzarətdən çıxdığı eyniadlı gölün ətrafıdır.
Yanğınsöndürmə xidmətinin fövqəladə təxliyə xəbərdarlığına əsasən, yanğının sürətlə yayıldığı Brisbendən təxminən 300 kilometr qərbdə yerləşən Tara böyük narahatlıq doğuran başqa bir sahədir. Burada yanğınlar nəticəsində iki nəfər - kişi və qadın həlak olub. Alov nəticəsində dağılan evlərin əksəriyyəti də bu şəhərin payına düşür.
Kvinslend ştatında onlarla başqa yanğınlar davam edir.
Ölkənin ən sıx məskunlaşan ştatı olan qonşu Yeni Cənubi Uelsdə 110 aktiv meşə yanğını var, onlardan 58-i nəzarətdən çıxıb.
Meşə yanğınları mövsümünün adətən noyabr ayında şərq sahillərində başladığı Avstraliya, həmçinin Sakit okean cərəyanlarının yaratdığı El Nino fenomeni səbəbindən bu il həmişəkindən daha quru hava ilə üzləşəcək. Bu, dağıdıcı fəlakətlərə səbəb ola bilər.
Ölkədə 2019-2020-ci illər arasında ifrat isti hava ilə bağlı 33 ölüm qeydə alınıb və yüksək temperaturun səbəb olduğu onlarla meşə yanğınları təxminən 24 milyon hektar ərazini (demək olar ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölçüsünə bərabərdir) yandırıb, habelə təxminən üç milyard heyvana təsir edib.