Kolumbiyanın iqtisadi təzyiqlərindən narazı qalan yüzlərlə veteran hərbçi Ukrayna ordusuna qoşulub.
Teleqraf.com "Nyu York Tayms"a istinadla xəbər verir ki, iqtisadi təzyiqlər kolumbiyalı veteranları xaricə sövq edir.
Məlumata görə, ötən il Qərb könüllülərinin Ukraynaya ilk dəstəyi azalmağa başlayanda Kolumbiya veteran hərbçilərinin sosial şəbəkələrində Ukraynada döyüş imkanları barədə şayiələr yayılmağa başlayıb.
Nəticədə kolumbiyalı veteranlar Polşaya təkbaşına səyahət edib, yol xərclərini qarşılamaq üçün isə tez-tez avtomobil kimi qiymətli əşyalarını satıblar. Bildirilib ki, Ukrayna sərhədində sərhədçilərə hərbi təcrübəyə malik olduqlarını və Ukrayna uğrunda döyüşmək istədiklərini deyiblər. Onlar ölkəyə daxil olduqdan sonra qərbdəki Ternopil şəhərindəki hərbi bazada xidmət göstərirlər.
Xarici döyüşçülər Ukrayna ordusunun kiçik bir hissəsini təşkil etsə də, kolumbiyalılar yerli əsgərlərin maaşlarına uyğun olaraq Ukrayna valyutası ilə ayda təxminən 3000 dollar maaş alırlar. Bu məbləğ Kolumbiyada veteranların aldığı orta pensiyanın təxminən üç qatına bərabərdir. Əlavə olaraq, döyüşlərdə həlak olan hərbçilərin ailələrinə qanuna əsasən 411 min dollar təzminat verilir.