Böyük Britaniya Baş naziri Rişi Sunak İsrailin Londondakı səfiri Sipi Xotovelinin İsrailin yanında Fələstin dövlətinin yaradılmasının mümkünsüzlüyü ilə bağlı açıqlamasıyla razılaşmayıb.
Teleqraf.com xəbər verir ki, Britaniya baş naziri Fələstin dövlətinin yaradılmasının mümkünlüyünə diqqət çəkib.
“Bizim mövqeyimiz budur ki, bu vəziyyətdə ikidövlətli həll düzgün yoldur. Heç kim bu münaqişənin lazım olduğundan bir an artıq davam etməsini istəmir”, - Sunak bildirib.
Baş nazir onu da qeyd edib ki, İsrail özünümüdafiə hüququna malikdir, amma mülki əhali arasında itkilərin qarşısını almaq üçün bütün mümkün tədbirləri görməlidir.
Xotoveli bundan əvvəl demişdi ki, Qəzza zolağında döyüşlər bitdikdən sonra fələstinlilərin öz dövlətləri olmayacaq, çünki onlar heç vaxt İsrailin yanında olmağı istəməyiblər.