20 Dekabr 2023 12:42
1 459
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS Hərəkatı əzəli rəqibi Fələstin Azadlıq Təşkilatı (FAT) ilə münaqişənin sona çatmasından sonra Qəzza zolağı və İordan çayının qərb sahilinin gələcəyini müzakirə edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) rəsmi mənbələrə istinadla məlumat yayıb.

HƏMAS İordan çayının qərb sahilində fəaliyyət göstərən FAT liderləri ilə təmasa keçib. Danışıqlarda HƏMAS-ı hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və hərəkatın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Məşəl təmsil edib. FAT tərəfində təşkilatın Mərkəzi Komitəsinin üzvü, İsrail hakimiyyəti ilə təmaslara cavabdeh olan Hüseyn əl-Şeyx yer alıb.

Məlumata görə, danışıqlar zamanı HƏMAS liderləri FAT-a qoşulmağa və 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə bağlı danışıqlara dəstək verməyə hazır olacaqlarını bildiriblər. Eyni zamanda, İsraillə bağlı mövqelərini dəyişməyi planlaşdırmırlar.

HƏMAS-ın Siyasi Bürosunun üzvü Hüssam Bədranın sözlərinə görə, belə müzakirələr beynəlxalq ictimaiyyətlə, xüsusən də sanksiyalar altında olan HƏMAS-la əməkdaşlıq etmək istəməyən Avropa ölkələri ilə danışıqların aparılmasına kömək edəcək.

Gəlişmədən xəbərsiz HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvar danışıqlardan xəbər tutan kimi məsləhətləşmələri dayandırmağı tələb edib. Bununla belə, Bədran HƏMAS rəsmiləri arasında fikir ayrılıqlarının olması barədə xəbəri yalanlayıb. Onun sözlərinə görə, HƏMAS tammiqyaslı atəşkəs axtarır.

Nəşr vurğulayır ki, HƏMAS və FAT arasındakı hansısa səlahiyyət bölgüsü razılaşması Fələstinin hazırkı lideri Mahmud Abbası narazı sala bilər. Amma HƏMAS və Fələstin rəhbərliyi arasında Qəzzanın gələcəyi ilə bağlı razılaşmaya ən böyük müxalif İsraildir ki, hələ də Qəzzada HƏMAS-ın tamamilə məhv edilməsi tələbindən geri çəkilməyib. Nəşr onu da yazır ki, anlaşma Qəzzada hakimiyyətin Mahmud Abbas administrasiyasına keçməsində israr edən ABŞ tərəfindən rədd edilə bilər.

Dekabrın 15-də FAT-ın rəsmi nümayəndəsi Əzzam əl-Əhməd bildirmişdi ki, Misirdə HƏMAS-la təcili görüşə hazırdır. Onun sözlərinə görə, Mahmud Abbas HƏMAS-la təmasa keçmək üçün göstəriş verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər