ABŞ-nin Oklahoma ştatında 48 il həbsdə olan 70 yaşlı Qlin Simmonsun günahsız olduğu üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, Oklahoma məhkəməsinin hakimi Emi Palumbo məhkəmədə Simmonsu günahsız elan edərək, onun qətl törətmədiyini bildirib.
“Məhkəmə açıq və qənaətbəxş sübutlarla müəyyən edib ki, Simmonsun mühakimə və həbs olunduğu cinayət onun tərəfindən törədilməyib”, - hakim deyib.
Simmons Oklahoma şəhəri ətrafında bir içki mağazasında soyğunçuluq zamanı Kerolin Su Rocersin qətlinə görə ölüm cəzasına məhkum olunmuş, daha sonra bu, ömürlük həbs cəzası ilə əvəz edilmişdi. Qətl zamanı yaşadığı Luiziana ştatında olduğunu deyən Simmons 1975-ci ildə mühakimə olunaraq ölüm cəzasına məhkum edilərkən 22 yaşında idi.
Bir şahid digər şübhəliləri müəyyən etdikdən və prokurorların bütün sübutları müdafiəçilərə təhvil vermədiyi aşkar olunduqdan sonra məhkəmə iyulda Simmonsun cəzasını ləğv edib.
48 il 1 ay 18 gün həbs olunan Simmons ən uzun müddət haqsız yerə həbs edilən şəxsdir. Oklahomada haqsız yerə məhkum edilmiş və həbs cəza çəkən insanların 175 min dollara qədər təzminat almaq hüququ var.
Simmons hazırda qaraciyər xərçəngi ilə mübarizə aparır.