25 Dekabr 2023 13:03
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərqdə davam edən toqquşmalar Hindistan sahillərinə yaxınlaşıb. Bir neçə gün əvvəl İrandan havaya qalxdığı iddia edilən PUA Hindistan sahillərində üzən gəmiyə tuşlanıb. “The Wall Street Journal” nəşri Pentaqona istinadla yaydığı xəbərdə Liberiya bayraqlı, Yaponiyaya məxsus, Niderland tərəfindən qulluq edilən kimyəvi maddə daşıyan tankerin Hind okeanında hücuma məruz qaldığı faktını təsdiqləyib. Bu o deməkdir ki, İsraillə HƏMAS arasındakı savaş Uzaq Şərqə sıçrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Yəməndəki “Husi” qruplaşmasının Qırmızı dənizdə gəmiləri hədəfə alması ABŞ-ni bu bölgədə yeni ittifaq formalaşdırmağa məcbur edib:

“İttifaqın məqsədi Qırmızı dənizdə ticarət gəmilərinin təhlükəsizliyini təmin etməkdir. İran Qırmızı dənizdə gəmilərə hücumlarla bağlı əlaqəsinin olmadığını bildirsə də, buna inanan azdır. Çünki gəmilərə hücum edən “Husilər”in silah və PUA ilə təhcizatını İran təmin edir.

İsrail Baş naziri Benyamin Netanyahu hind həmkarı Narenda Modi ilə azad gəmiçiliyi və ticarət gəmilərinin Yəmən qruplaşmasının hücumlarından qorunması mövzularını müzakirə edib. Ayrıca, oktyabrın 7-də İsrailə terror hücumu və nəticələri ətrafında fikir mübadiləsi aparıblar. Məlumdur ki, Hindistan terrorla mübarizədə İsraili dəstəkləyir.

Modi İsrailə terror hücumundan dərhal sonra sosial şəbəkə səhifəsində bunu yazmışdı: “Biz bu çətin anda İsraillə həmrəyik”.

Hindistan baş naziri hücumundan bir neçə gün sonra Netanyahuya zəng edərək, İsraili tam dəstəklədiyini bir daha vurğulamışdı. Bu baxımdan, Hindistanın mövqeyi tərəfdaş münasibətləri olduğu Rusiya və İrandan kəskin şəkildə fərqlənir. Tehran İsrail dövlətinin varlığını şübhə altına aldığı və ona qarşı terror hücumlarını dəstəklədiyi halda Dehli tam əks mövqedən çıxış edir”.

Mərkəzin ekspertləri bildirirlər ki, Hindistanla İsrail arasında siyasi əlaqələr üst səviyyədədir:

“Hindistan İsraildən müxtəlif növ silahlar alır. Modinin rəhbərlik etdiyi “Bharatiya Janata” Partiyası hakimiyyətə gəldikdən sonra Hindistan İsraillə əlaqələri strateji səviyyəyə qaldırıb. Modi 2017-ci ildə İsrailə səfər edib. Bir il sonra Netanyahu Hindistana gəlib.

İrana bağlı qruplaşmaların Hindistan sahillərinə yaxın gəmiləri hədəfə alması Dehlini narahat etməlidir. Çünki bu qruplaşmalar artıq Hindistan üçün təhlükə mənbəyinə çevrilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər