Aralarında gərginliyin artmasına baxmayaraq, İsrailin Müharibə Kabineti naziri Benni Qantz Baş nazir Benyamin Netanyahunun Livanda “Hizbullah” terror təşkilatına qarşı müharibəyə başlamaq ideyasını dəstəkləyir.
Teleqraf.com xəbər verir ki, o, bunun İsrailin təhlükəsizliyi məsələsi olduğunu söyləyib.
“Burada diqqətçəkən yeganə şey İsrailin təhlükəsizliyidir, başqa heç nə. Bu, bizim ölkəmiz və vətəndaşlarımız qarşısında borcumuzdur”, - Qantz bildirib.
Onun sözlərinə görə, İsrailin şimalında (Livanla sərhəddə) yaşayan vətəndaşların öz evlərinə qayıtmaları təcili həllini tələb edən məsələdir.
“Dünya yadda saxlamalıdır ki, eskalasiyanın təşəbbüskarı “Hizbullah” terror təşkilatıdır. İsrail diplomatik həlldə maraqlıdır, amma həll tapılmasa, İsrail və Müdafiə Qüvvələri təhlükəni özü aradan qaldıracaq. Hərbi Nazirlər Kabinetinin bütün üzvləri bu fikri bölüşürlər”, - Qantz vurğulayıb.
Ötən ilin oktyabrın 7-də Qəzzada HƏMAS-la savaş başlayandan sərhəddə tez-tez İsrail ordusu və “Hizbullah” arasında silahlı toqquşma baş verir.