Türkiyə xarici işlər naziri Hakan Fidan Düşənbədə tacik həmkarı Sirociddin Muhriddinlə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə regional məsələlərlə yanaşı, ikitərəfli münasibətlər də müzakirə olunub.
Hakan Fidan bildirib ki, Tacikistan və Qırğızıstan martda aralarındakı sərhəd mübahisəsinə son qoyacaq:
“Ümid edirik ki, martda Tacikistan və Qırğızıstan sərhəd mübahisəsinə rəsmən son qoyacaq, bununla regionda təhlükəsizlik və sabitlik baxımından irəliyə doğru mühüm addım atacaqlar”.
Nazir qeyd edib ki, görüşdə Tacikistanın Əfqanıstanla bağlı mövqeyi də dəyərləndirilib:
“Türkiyə olaraq xüsusilə burada sabitliyin təmin edilməsində bölgə dövlətləri ilə sıx əməkdaşlığımız davam edir”.
Tacikistanın da regionda sabitliyə önəm verdiyinə diqqət çəkən Fidan ikitərəfli görüşlərdə sərhəd təhlükəsizliyi və terrorla mübarizə məsələlərinin müzakirə edildiyini söyləyib.
Nazir Türkiyə və Tacikistan təhlükəsizlik orqanlarının radikal təşkilatlarla bağlı əməkdaşlıq edəcəyini və bu çərçivədə mexanizmin olduğunu bildirib:
“Bu mexanizmi daha da irəli aparmağa iradəmiz var”.
Hakan Fidan əlavə edib ki, Tacikistan lideri Emoməli Rəhmona Prezident Rəcəb Tayyib Ərdoğanın bu il Tacikistana səfər etməyi planlaşdırdığını çatdırıb.