Türkiyə Silahlı Qüvvələrinə məxsus PUA-lar Ayn Əl-Ərəbin şərqində yerləşən Fransanın “Lafarge” şirkətinə məxsus obyekti vurub.
Teleqraf.com xəbər verir ki, PKK terror təşkilatını sement, beton və gips kimi materiallarla təmin edərək ona Türkiyə ilə sərhəddə mövqelərini gücləndirməyə şərait yaradan “Lafarge”nin Suriyadakı obyektinin böyük ölçüdə yararsız hala salındığı bildirilir.
Suriyada PKK/YPG tərəfindən Fransa şirkətinin yardımı ilə çoxlu tunellər inşa edilib. Ötən günlərdə İraqın şimalında Türkiyə ordusunun 9 hərbçisinin şəhid olduğu qanlı aktı törədən terrorçular da bu tunellərlə bölgəyə sızıblar.
PKK-nın bölgədə qazdığı tunellərin uzunluğunun 650 kilometrə çatır.
“Lafarge” sement fabriki bundan əvvəl İŞİD terror təşkilatına yardımını etiraf etmişdi. ABŞ-də aparılan işdə Fransa şirkəti ümumilikdə 777 milyon dollar cərimə olunmuşdu.
İŞİD tərəfindən öldürülənlərin ailələri də “Lafarge”ni məhkəməyə verib.