16 Yanvar 20:39
2 654
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail və Livan arasında gərginliyi azaltmaq üçün vasitəçi təyin edilən ABŞ Prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteynin yanvarın 11-də Livan Baş naziri Nəcib Miqati və xarici işlər naziri Abdullah Buhabiblə keçirdiyi üçtərəfli görüşün detalları üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Livanın “Əl-Əxbar” qəzeti məlumat yayıb.

Hokşteyn görüşdə Miqati və Buhabibə “Hizbullah” terror təşkilatının İsrail sərhədindən 7 kilometr uzağa köçürülməsini, bunun yerinə Livan ordusunun yerləşdirilməsini təklif edib. ABŞ rəsmisi əks halda İsrailin Livana qarşı müharibəyə başlayacağı barədə xəbərdarlıq etdiyi bildirilib.

Hokşteyn yanvarın 2-də HƏMAS-ın Beyrutda yüksək rütbəli rəsmisi Saleh əl-Arurinin öldürülməsindən sonra “Hizbullah”la artan gərginliyi azaltmaq üçün Təl-Əvivə getmişdi. Ağ Evin baş məsləhətçisi yanvarın 11-də Livana gəlib, iki ölkə arasında kompromis üzərində işləməyə çağırıb.

2023-cü il oktyabrın 8-dən İsrail ordusu ilə “Hizbullah” arasında sərhəddə davam edən qarşıdurmalarda 161 “Hizbullah” üzvü, həmçinin 10 İsrail hərbçisi həyatını itirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər