ABŞ-nin “Foreign Policy” nəşri HƏMAS Hərəkatının Türkiyədəki üzvlərinə İsrailin hücum ehtimalı barədə yazıb.
Teleqraf.com xəbər verir ki, nəşr Türkiyə və Qətər kimi ölkələrdə HƏMAS liderlərini öldürməyin Livandakı qədər asan olmadığını bildirib.
“Foreign Policy” qeyd edir ki, Livan və Suriya kimi müharibədən əziyyət çəkən ölkələrdə HƏMAS liderlərinə sui-qəsd təşkil etmək daha asandır, amma mühüm hərbi gücü olan Türkiyə və enerji nəhəngi Qətərdə belə bir səy İsrail üçün risk yarada bilər.
Nəşrə danışan kəşfiyyat mənbələri MOSSAD-ın HƏMAS üzvlərinə ev sahibliyi edən hər bir ölkə üçün ayrıca planının olduğunu, amma İsrailin planlarında Türkiyədə sui-qəsd nəzərdə tutmadığını vurğulayıb.
Məqalədə İsraildə Türkiyənin önəminin nəzərə alındığı və ikitərəfli əlaqələrin riskə atılmaq istənilmədiyi, HƏMAS liderlərinin kütləvi şəkildə Türkiyədə olmadığı müddətdə MOSSAD-ın burada hərəkatı hədəfə almağı düşünmədiyi bildirilib.
“Foreign Policy”ə danışan İsrail baş nazirinin keçmiş təhlükəsizlik müşaviri Eran Lerman Təl-Əvivin ABŞ-nin köməyi ilə HƏMAS-a dəstəyini azaltmaq üçün Türkiyədə sui-qəsd əvəzinə ona təzyiq göstərməyə üstünlük verdiyini deyib:
“İsrail Türkiyədə sui-qəsd törətməyəcək. Çünki NATO ölkəsidir, mühüm hərbi gücdür, ona görə də belə bir hadisə bizə çox problem yarada bilər. Türkiyə önəmli ticarət tərəfdaşıdır, ağır təzyiq göstərməyi üstün tuturuq”.