Dünyada müharibələrin coğrafiyası genişlənir, ABŞ prezidentliyinə namizədlər – ölkənin keçmiş lideri Donald Tramp və hazırkı Prezident Co Bayden təşviqatla məşğuldur.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazır.
“Dünya yanır, ABŞ-də xarici siyasətlə bağlı seçkiqabağı debatlar keçirməlidir. Əvəzində ehtimal olunan namizədlərdən biri Donald Tramp prezident kimi ilk müddətindən başqa heç nə haqda danışmaq istəmir, Co Bayden də bu mövzu barədə demək olar ki, danışa bilmir. Qalan hər kəs düşmənçilik dünyasında boşluqları doldurmaqla məşğuldur”, - nəşr bildirir.
Analitiklərin fikrincə, Baydenin komandası inandığı yeganə strategiyanı - diplomatiyanı, yəni dialoqu davam etdirir. Bayden diplomatik səviyyədə böyük müharibədən qaçmağa çalışır. Amma nəşr əmindir ki, belə bir strategiya ABŞ-nin əsas düşmənləri - İran, Rusiya və Çinə qarşı işə yaramayacaq.
“İran, Rusiya və Çin təkcə hərbi təhdid deyil, həm də onların heç biri Qərbin ənənəvi “maraqlar balansı ilə tənzimlənən güc münasibətləri” çərçivəsində fəaliyyət göstərmir. Onlar standart yollarla qarşıları alına biləcək düşmənlər deyil. Təkcə regional hegemonluq yox, həm də özlərinə qarşı itaətkarlıq istəyirlər. İran və Rusiya məsələsində bu, İsrail və Ukrayna kimi ölkələrin sözün əsl mənasında yer üzündən silinməsi deməkdir”, - WSJ qeyd edir.
Bayden diplomatik yolla müharibədən qaçmağa çalışarkən, Tramp bu ölkələrin (İran istisnadır) rəhbərliyi ilə yaxşı münasibətlər quracağını deyir, amma analitiklərin fikrincə, bu strategiyaların hər ikisi uğursuzdur.