Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın 12 ildən sonra Misirə səfəri Şərqi Aralıq dənizində düzənin yenidən qurulmasına zəmin yaradır. Misir və Türkiyə liderlərinin Liviyadakı prosesləri müzakirə etməsi və bölgədə sabitliyin olduğunu vurğulaması qarşıdakı dövrdə balansın dəyişə biləcəyinə işarədir.
Teleqraf.com xəbər verir ki, bunu türk analitik Akif Küçükal deyib.
“Ankara-Tripoli xəttində sıx diplomatik gediş-gəliş var. Bir müddət əvvəl xarici işlər naziri Hakan Fidan Liviyada oldu, bundan sonra Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Liviya Baş naziri Dibeybe ilə görüşdü.
Ərdoğanla Sisi arasında keçirilən görüşdə də Liviya müzakirə mövzusu olub. Ərdoğan Liviya məsələsində Misirlə birlikdə işləmək istədiklərini söyləyib.
Türkiyə, Misir və Liviya sabitlik və əməkdaşlıq məsələlərində maraqlıdır. Ankara Tripoli ilə imzaladığı oxşar dəniz anlaşmasını Misirlə də bağlaya bilər. Türkiyə ilə Misir arasında razılaşmanın əldə olunması Şərqi Aralıq dənizində tarazlığı Ankaranın üzvü olduğu blokun xeyrinə dəyişəcək”, - ekspert bildirib.
Küçükal Türkiyə-Misir əlaqələrinin normallaşdığı və Liviyaya qlobal diqqətin artdığı vaxtda Rusiyadan gələn həmləyə diqqət çəkib:
“Rusiyanın qurduğu “Afrika Korpusu” ölkənin şərqində qiyamçı general Xəlifə Haftarın nəzarətində olan Tobruka 40 ədəd T-72 tankı göndərib. Muzdluların bölgədə hərbi baza qurduqları da məlum olub. Rusiyanın Liviyada 800-1000 hərbçisi var. Ölkənin şərqi rusların cənuba uçuşlarında dayanacaq kimi xidmət edir.
Moskva Şərqi Liviyanı Afrikadakı hökmranlığını genişləndirmək üçün bir pillə kimi görür. Tobrukda tikiləcək baza Suriyadakı Tartus və Latakiya limanları ilə birlikdə Rusiyanın Aralıq dənizindəki varlığını gücləndirəcək bir addımdır. Ruslar əsrlər boyu davam edən “isti dənizlərə çıxma” siyasətində uğur qazanmaq istəyirlər.
Rusiyanın yeganə narahatlığı Aralıq dənizi deyil, qlobal rəqabətdə “Afrikanın bələdçisi” olmaq üçün çalışırlar. Bu baxımdan Liviya Rusiyaya Şimali Afrikadakı mövcudluğu və təsirini artırmaqda yaxşı kömək edə bilər. Həmçinin Kreml Qırmızı dənizdə hərbi baza yaratmaq üçün Sudanla danışıqlar aparır.
Belə bir durumda illərdir Haftara dəstək verən Rusiya üçün Tripoli rəhbərliyinə təsir etmək asan görünmür. Ona görə də ruslara Liviyada sabitlikdən çox qeyri-sabitlik lazımdır. Ruslar Türkiyə ilə Misirin yaxınlaşacağı, Liviyanın legitim hakimiyyəti ilə birgə hərəkət edəcəkləri, hətta siyasi səylərin müsbət nəticə verə biləcəyi ssenari ilə üzləşməkdən qorxurlar”.
Analitik Moskvanın hesabının baş tutmayacağını iddia edir:
“Haftar dostlarının dəstəyi ilə əvvəlki gücünü bərpa edərək döyüşmək bir yana, addım-addım sülh masasına oturmaq məcburiyyətində qalacağı bir prosesə doğru gedir. Tərəflər arasında dialoq inkişaf edib. Türkiyə Benqazidəki konsulluğunu yenidən açaraq ölkənin şərqi ilə əlaqə qurmaqda qərarlıdır. Liviya Nümayəndələr Palatasının sədri Aqilə Saleh ötən il iki dəfə Türkiyəyə səfər edib. Haftar da Türkiyədə Ərdoğanla görüşmək istəyir.
BƏƏ də Haftara dəstəyini azaltmaq və sülh prosesinə töhfə vermək qərarına gəlib, təsadüfi deyil ki, Saleh ötən günlərdə bu ölkədə olub. Eyni zamanda, Dibeybe hökuməti ilə Misir arasında da dialoq başlayıb. Beləliklə, regional sabitliyə doğru ümidverici gəlişmənin qarşısında heç bir ciddi maneənin olmadığını söyləmək yanlış olmaz".