İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı çərçivəsində Müsəlman Qadın Parlamentarilərinin IV Forumu keçirilib. Forumda İƏT Parlament İttifaqında təmsil olan 57 ölkənin əksəriyyətindən qadın parlamentarilər iştirak edib.
Ölkəmizi Milli Məclisin deputatı, İƏT Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva təmsil edib. Parlament İttifaqının baş katibi Mahmud Erol Kılıc müsəlman aləmində cərəyan edən hadisələr və bu proseslərdə qadınların rolu, onların hüquqlarının qorunması, ailə və uşaq, qadına qarşı zorakılıqla mübarizə və müasir dünya üçün aktuallıq kəsb edən digər məsələlərdən danışıb.
Forumda çıxış edən Gövhər Baxşəliyeva Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən ailə, qadın və uşaq siyasətindən, qadın hüquqlarından, ölkəmizdə qadınların inkişafı üçün yaradılmış hərtərəfli şəraitdən bəhs edib. O, Azərbaycan qadınlarının böyük bir qisminin iyirmi ildən artıqdır ki, erməni işğalından əziyyət çəkdiyini, ata-baba torpaqlarını tərk etdiyini, qaçqın, köçkün vəziyyətində yaşadığını diqqətə çatdırıb. G.Baxşəliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütövlükdə xalqımıza gətirdiyi bəlalardan bəhs edib.
BMT-nin məlum qətnamələrinin və digər beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının işğalı ilə bağlı qərarlarının icra olunmadığını təəssüflə qeyd edib.“Ermənistan sadəcə olaraq danışıqlar prosesində imitasiya taktikasını seçib və işğal edilmiş torpaqlardan çıxmaq istəmir. İşğalçı dövlətə təzyiq göstərilməlidir. Nə üçün başqa yerlərdə qəbul edilmiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə icra edilmir?! Bu, ədalətsizlikdir, ikili standartlardır. Artıq Azərbaycan xalqı bunu yaxşı bilir, dərk edir”, - deyə Milli Məclisin deputatı diqqətə çatdırıb.
Azərbaycanın demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərqərar olmasına böyük töhfələr verdiyini diqqətə çatdıran G.Baxşəliyeva xüsusilə ölkəmizin multikulturalizmlə bağlı təcrübəsini vurğulayıb. Beynəlxalq münasibətlərdə ikili standartların mövcudluğunu qeyd edən deputat bunun heç kimə xeyir gətirmədiyini deyib. Forumun sonunda qətnamə qəbul edilib.