27 Mart 13:10
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO ölkələrinin Ukraynaya qoşun yeritməsi Üçüncü Dünya Müharibəsini yaxınlaşdıra bilər.

Teleqraf.com xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.

“Söhbət yaxınlığımızda olan müharibədən gedəndə mövqeyimiz çox aydındır. Biz hesab edirik ki, Rusiya bu müharibədə məğlub ola bilməz. Eyni zamanda, Qərbdən (Ukraynaya) silah tədarükü davam etdikcə, Rusiya da böyük uğur qazana bilməz. Bu o deməkdir ki, istənilən halda danışıqlar aparılmalıdır. Danışıqlar nə qədər tez başlasa, atəşkəs bir o qədər tez bərqərar olar, bir o qədər az insan həlak olar, dağıntılar bir o qədər az olar”, - nazir bildirib.

Siyartonun fikrincə, tezliklə danışıqlara başlamaq lazımdır:

“Belə bir kritik durumda təkcə hərəkətlər yox, sözlər də böyük əhəmiyyət kəsb edir. Ona görə də söhbət NATO-ya üzv bəzi ölkələrin adından Ukraynaya qoşun yeritmək imkanından gedirsə, bu, təhlükəlidir. Biz isə təhlükə ilə üzləşmək istəmirik.

Qorxunc Üçüncü Dünya Müharibəsi riski yaxınlaşır. Ona görə də biz həmişə bütün müttəfiqlər və həmkarlarımızı dünya müharibəsi riskini yaxınlaşdıra biləcək hansısa hərəkət və ya bəyanatlardan çəkinməyə çağıracağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu