İranın İsrailə qarşı son hücumuna cavab olaraq Avropa Birliyinin (AB) bu ölkəyə qarşı yeni sanksiyaları İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) da əhatə etməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Belçika xarici işlər naziri Hadja Lahbib deyib.
Lüksemburqda AB-yə üzv 27 ölkənin nazirlərinin görüşündən əvvəl jurnalistlərə danışan Lahbib bildirib ki, SEPAH-ın hansı hüquqi əsaslarla terror təşkilatı kimi görülən qurumlar siyahısına əlavə oluna biləcəyi ilə bağlı hələlik konsensus yoxdur.
“Biz bunu birlikdə müzakirə edəcəyik”, - Lahbib vurğulayıb.
Ötən həftə AB liderləri İrana qarşı əlavə sanksiyalar tətbiq etmək barədə razılığa gəlib. Qərara əsasən, molla rejiminə qarşı sanksiyalar genişləndiriləcək.