Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraq həmləsi PKK terror təşkilatına qarşı mübarizədə yeni səhifə açır.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Ərşad Hürmüzlü deyib.
“İraq rəhbərliyinə çox aydın və maraqlarına uyğun təkliflər verildi. Türkiyə tərəfi iraqlılara bildirdi ki, biz sərhədimizdə terrorçu yox, İraq əsgərlərini görmək istəyirik.
Əsl sürpriz nəqliyyat dəhlizləri ilə bağlı “İnkişaf Yolu” layihəsi ilə əlaqəliydi. Prezidentimizlə eyni vaxtda Bağdada Qətər və BƏƏ-dən nazirlər gəldi, dördtərəfli saziş imzalandı. Bu, əsl diplomatik uğurdur. Türkiyə enerji mərkəzi olmaq yolunda daha bir böyük addım atdı”, - ekspert vurğulayıb.
Hürmüzlünün fikrincə, indiyə qədər PKK-ya qarşı bir addım da atmayan İraq qısa müddətdə çox fərqli davranış sərgiləyir:
“İraqlılar geridönməz PKK əməliyyatına göz yumacaqlar. Ərdoğanın səfərindən sonra Bağdad PKK liderlərindən ölkəni tərk etmələrini və təşkilatdan şimalda işğal etdiyi yerləri boşaltmağı tələb edəcək”.
Türkiyə prezidenti aprelin 22-də İraqda səfərdə olub.
Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bundan öncə “İnkişaf Yolu”nun Asiya, Avropa, Yaxın Şərq və Cənubi Asiyanı əhatə edəcək böyük bir nəqliyyat dəhlizi layihəsi olduğunu söyləmişdi.