Böyük Britaniya və Latviya Ukraynaya FPV tipli pilotsuz uçuş aparatlarının (PUA) tədarükü üçün tenderlər açıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytı məlumat yayıb.
Qeyd olunur ki, PUA-lar Ukraynanı pilotsuz uçuş aparatları ilə təmin etmək üzrə 2024-cü ilin fevralında yaradılmış və Böyük Britaniya ilə Latviyanın birgə rəhbərlik etdiyi Koalisiya çərçivəsində alınacaq.
“Müsabiqənin məqsədi Qərb sənayesinin potensialından istifadə etməklə münasib qiymətə pilotsuz uçan aparatların geniş miqyaslı istehsalıdır”, - məlumatda bildirilir.
Təşkilatçılar “PUA yarışları” keçirmək və bundan sonra isə ən uğurlu şirkətlər ilə təchizat müqavilələri bağlamaq niyyətindədirlər.
Hazırda koalisiya üzvləri sırasında Böyük Britaniya, Latviya, Avstraliya, Kanada, Danimarka, Estoniya, Almaniya, Litva, Niderland, Polşa, İsveç və Ukrayna var.