Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanunlar paketi layihəsini birinci oxunuşda qəbul edib.
Teleqraf.com xəbər verir ki, LGBT əleyhinə qanunvericilik paketini 78 deputat dəstəkləyib, əlehinə səs verən olmayıb.
Belə ki, əksər müxalifət deputatları “xarici agentlər haqqında” qanunun qəbulundan sonra parlamentin işini boykot etdiklərinə görə, plenar iclasda iştirak etməyiblər.
Parlamentin sədri Şalva Papuaşvili bildirib ki, müxalifətin də iştirak etməsi üçün iclas bir günlük təxirə salınıb: “Dünən biz səsverməni bu günə təxirə saldıq ki, müxalifətin kimin tərəfində olduqlarını düşünmək imkanı olsun: onlar Gürcüstanın tərəfindədirlər, yoxsa təbliğat və digər siyasi kənar qrupların təsiri altındadırlar"?
Qeyd edək ki, sözügedən qanuna əsasən, bir kişi və bir qadın arasındakı münasibət istisna olmaqla, alternativ evliliyə cəhd, homoseksualların uşaq övladlığa götürməsi, cinsiyyət dəyişdirməyə cəhd və hər hansısa tibbi müdaxilə, mediada LGBT təbliğatı, təhsil müəssisələrində ənənəvi olmayan münasibətlərin təbliğatı və LGBT haqlarını müdafiə etmək, mitinq təşkil etmək və bu mitinqlərdə iştirak qadağan olunacaq.