Şri-Lankada prezident seçkilərinin ilkin nəticələrinə əsasən, Müxalif Milli Xalq Hakimiyyəti Alyansının lideri Anura Kumara Dissanayake qalib gəlib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Şri-Lankanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Qeyd edilir ki, səslərin sayılmasından sonra heç bir namizəd tələb olunan 50 faizdən çox həddi keçə bilməyib.
Qanunvericiliyə uyğun olaraq iki namizəd - Anura Kumara Dissanayake (42,31 faiz) və müxalif Birləşmiş Xalq Gücü blokunun lideri Sacit Premadasa (32,76 faiz) ən çox səs toplayıb.
Səslərin 2-ci mərhələdə sayılmasından sonra Dissanayake qalib olub. O, növbəti 5 il müddətinə ölkənin başçısı olacaq. Dissanayake dəfələrlə Qərbə qarşı düşmənçilik nümayiş etdirmiş çinyönlü siyasətçi hesab olunur. Universitet tələbələri, müəllimlər və fəhlə sinfi tərəfindən fəal şəkildə dəstəklənir. Onun siyasi proqramının əsas prinsipləri arasında siyasətdə saxtakarlığın və korrupsiyanın aradan qaldırılması yer alır. Xarici siyasətdə Dissanayake neytrallığı qoruyur.
Prezidentlik vəzifəsi uğrunda 38 nəfər mübarizə aparıb.
Qeyd edək ki, Şri-Lankada bundan öncə prezident seçkiləri 2019-cu ildə keçirilib, Milli Cəbhənin namizədi Qotabaya Radjapaksa qalib gəlib. Lakin o, 2022-ci ilin iyulunda etiraz aksiyaları səbəbindən istefa verib. Ötən müddətdə dövlət başçısı səlahiyyətlərini Ranil Vikramasinqe icra edib.