11:15
331
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu gecə saatlarında “Hizbullah” terror təşkilatının Livanın paytaxtı Beyrutdakı silah anbarları, istehsal müəssisələri və digər hərbi obyektlərini hədəfə alıb.

Teleqraf.com xəbər verir ki, İsrail mediası hava zərbələri nəticəsində təşkilatın ciddi itkilərlə üzləşdiyini yazır.

Məlumata görə, hücumda “Hizbullah”ın raket bölməsinin komandiri və onun müavini məhv edilib. Həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir komandiri də öldürülmüş ola bilər.

Söhbət “Hizbullah”ın raket bölməsinin komandiri Məhəmməd Əli İsmayıl və müavini Hüseyn Əhməd İsmayıldan gedir.

“Walla” bildirir ki, Əli İsmayıl İsrailə qarşı bir çox hücumlara, o cümlədən sentyabrın 25-də ölkənin mərkəzinə doğru raketlərin buraxılmasına görə məsuliyyət daşıyırdı.

İsrail ordusu Beyrutda “Hizbullah”ın silah anbarlarını və istehsal sahələrini də hədəfə alıb. İsrail Müdafiə Qüvvələri hücumdan bir neçə saat əvvəl hədəfə alınan ərazilərdə yaşayan sakinlərin dərhal təxliyə edilməli olduğu barədə xəbərdarlıq etmişdi.

“Hizbullah” hədəfə alınan binaların silah anbarı kimi istifadə edildiyini təkzib edib.

İran mediasına görə, SEPAH komandiri Abbas Nilforuşan İsrail ordusunun Beyrut ətrafındakı Dahiyə şəhərinə endirdiyi zərbələrdə məhv edilmiş ola bilər.

“News Online” yazır ki, Nilforuşan İranın bölgədəki fəaliyyətlərində əsas fiqur olub, “Hizbullah”a hərbi və diplomatik məsələlərdə məsləhət verib.

SEPAH zabitinin İran rejiminə qarşı etirazların yatırılmasında böyük rol oynadığı və Suriyada müharibə zamanı Bəşər Əsəd rejimi tərəfindən vuruşduğu güman edilir.

Ölənlər arasında “Hizbullah” lideri Həsən Nəsrullahın olduğu da iddia olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər