İndoneziyada fevralda keçirilmiş prezident seçkilərinin qalibi olmuş Prabovo Subianto səlahiyyətlərinin icrasına başlayıb.
Teleqraf.com xəbər verir ki, oktyabrın 20-də paytaxt Cakartada parlament binasında Prabovo Subiantonun andiçmə mərasimi olub. O, İndoneziyanın 8-ci prezidentidir. Sabiq prezident Coko Vidodonun oğlu Gibran Rakabuminq Raka vitse-prezident kimi and içib.
Dövlət başçısı andiçmə mərasimindəki nitqi zamanı xalqın və dövlətin maraqlarını hər şeydən üstün tutacağını, ölkənin zəngin təbii ehtiyatlarından istifadə etməklə iqtisadi inkişafı yüksəltməyə çalışacağını deyib. O, İndoneziyanın heç bir hərbi bloka qoşulmama siyasətini davam etdirəcəyini, bütün ölkələrlə dostluğu qoruyub saxlayacağını söyləyib.
Prezident Prabovo Subianto hökumətin yeni tərkibini oktyabrın 21-də elan edəcək. Güman olunur ki, sabiq prezident Coko Vidodonun kabinetindəki nazirlərin çoxu yeni hökumətdə də yer alacaqlar.
Qeyd edək ki, sabiq müdafiə naziri Prabovo Subianto fevralın 14-də keçirilmiş prezident seçkilərində 60 faizlik səslə qalib olub.
Prabovo Subianto İndoneziya Milli Hərbi Akademiyasını bitirib. 1995-1998-ci illərdə Əlahiddə Ümumqoşunlara, 1998-ci ildə isə Quru Qoşunlarının Strateji Ehtiyat Qüvvələrinə komandanlıq edib. 2008-ci ildə Böyük İndoneziya Hərəkatını təsis edən Prabovo Subianto 2014 və 2019-cu illərdə prezidentliyə namizədliyini irəli sürsə də, hər iki seçkidə Coko Vidodoya məğlub olub.