Rusiya BMT Təhlükəsizlik Şurasına Donbasdakı münaqişənin tənzimlənməsi ilə bağlı yeni qətnamə layihəsi təqdim etsə də, Krımın müzakirəsindən imtina edib.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, Moskvanın Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsi Kiyevin Donbasdakı münaqişənin çözümünə dair Minsk razılaşmasını icra etməsi ilə bağlıdır. Rusiya münaqişənin həlli üçün Kiyevi birbaşa Luqansk və Donetskdəki separatçılarla danışıqlara başlamağa çağırır.
Rusiyanın təqdim etdiyi bu qətnamə layihəsinə Təhlükəsizlik Şurasının qapalı iclasında baxılacaq.
Öz növbəsində Ukrayna BMT ilə Donbasın münaqişə bölgəsində beynəlxalq sülhyaradıcıların yerləşdirilməsi məsələsinə dair məsləhətləşmələrə başlamaq niyyətindədir.
Rusiya, Çin, Venesuela və Anqola BMT Təhlükəsizlik Şurasının Krımda insan haqlarının vəziyyətinə dair qeyri-rəsmi iclasında iştirakdan imtina ediblər.
Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin deyib ki, Moskvanın təqdim etdiyi qətnamə Ukrayna parlamentinin qəbul etdiyi qətnamə ilə əlaqədardır. Moskva bildirir ki, bu əraziləri işğal olunmuş elan etməklə, Kiyev onları ümumiyyətlə hər hansı statusdan məhrum edib.
Qey edək ki, Ukrayna Ali Radasının qəbul etdiyi qətnamədə Donbasın bir sıra rayonlarına işğal olunmuş ərazilər statusu verilir və qeyd olunur ki, bu ərazilərdə xüsusi özünüidarəetmənin tətbiqindən əvvəl Ukrayna qanunlarına uyğun olaraq yerli seçkilər keçirilməlidir.
Samir