ABŞ-ın Florida ştatındakı Mayami şəhərində Kanadanın baş konsulunun 15 yaşlı oğlu Mark bilərəkdən adam öldürmə maddəsi ilə ittiham edilir. Bu barədə müvafiq qərar hakimlər jürisi tərəfindən verilib.
İstintaqın məlumatına görə bu il martın 30-da Mark və onun 17 yaşlı qardaşı Cin marixuana almaq qərarına gəliblər. Yerli KİV-lərin məlumatına görə özləri ilə silah gəzdirən qardaşlar aldıqları bir kiloqrama yaxın narkotik vasitəyə görə pul ödəməkdən imtina ediblər. Bu zaman başlanan mübahisə sonda atışma ilə nəticələnib. Hadisə zamanı Cin və daha bir nəfər 17 yaşlı gənc həyatlarını itirib.
Hakimlərin qərarına görə Marka bilərəkdən adam öldürmə, silahlı soyğun təşkil etməyə cəhd və qeyri-qanuni odlu silah saxlamaq maddələri ilə ittiham irəli sürülüb. Əgər Mark təqsirli bilinsə, ölüm hökmü və ya ömürlük həbslə cəzalandırıla bilər. Lakin ekspertlərin rəyinə görə, gəncin yaşı nəzərə alınarsa, ona belə ağır cəza verilməsi ehtimalı azdır.
Qeyd edək ki, müttəhimin anası Roksana Dyube Kanadanın Mayamidəki baş konsulu vəzifəsini tutur.
/Azərtac/