Belarus Respublikasının Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib ki, ölkədə vaxtından əvvəl prezident seçkilərinin keçirilməsi danışıqlar mövzusu deyil.
“Belarus Mərkəzi Seçki Komissiyasının ilkin təklifi 15 noyabr tarixi olub və hamı tərəfindən dəstəklənib. Lakin sonra vəziyyətlə bağlı fikirlər dəyişib. Madam ki, hamı bir vaxtı söyləyir, belə halda vaxtından əvvəl seçkilərdən söhbət gedə bilməz. Qərara alınıb ki, oktyabrın ortaları daha əlverişli və az depressiyalı vaxtdır”, – deyə L.Yermoşina qeyd edib.
Belarusun Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina prezident seçkilərinin daha əvvəl, avqustda keçirilməsi barədə əsassız ehtimalları təkzib edib. “Müxalifət və digər qüvvələr hakimiyyəti və Mərkəzi Seçki Komissiyasını istənilən kimi effektli fəaliyyət göstərməməkdə qınaya bilərlər. Lakin qanunun tələblərini pozduğumuz barədə bizi heç vaxt təqsirləndirə bilməzlər”, - deyə L.Yermoşina vurğulayıb. Mərkəzi Seçki Komissiyasının rəhbəri xatırladıb ki, qanunvericiliyə əsasən plebisitə hazırlaşmaq üçün ən azı üç ay vaxt tələb olunur.
“Düşünürəm ki, oktyabrın 11-i prezident seçkilərinin keçirilməsi üçün ən münasib tarixdir. Hər halda mənim imzamla parlamentə məktub göndərilib. Parlamentin bu tarixi dəyişəcəyi barədə hər hansı səbəb görmürəm”, – deyə L.Yermoşina bildirib.