18 İyun 2015 01:28
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hökuməti Krımın işğalından sonra yarımadadakı vəziyyət, xüsusən də tatarların durumu ilə bağlı məruzə hazırlayıb. Artıq sənədin rus dilinə çevrilmiş variantının Rusiya prezidentinə təqdim edildiyi bildirilir.

“Rusiya Federasiyasının Krımı ilhaqından sonra Krım tatarlarının durumu” adlı hesabat 22 səhifədən ibarətdir. Anadolu Agentliyinin yaydığı hesabatda işğaldan sonra yarımadada vəziyyət, insan haqları, sosial-siyasi vəziyyət və sair məsələlər yer alıb.

Krım yarımadası 2014-cü il fevralın 27-də Rusiya tərəfindən işğal olunub. 16 mart 2014-cü ildə yarımadada referendum keçirilib və iki gün sonra, martın 18-də yarımada rəsmən Rusiyaya birləşdirilib. Yaranmış vəziyyətlə əlaqədar olaraq 2014-cü il 26-30 aprel tarixlərində Türkiyədən qeyri-rəsmi heyət Krıma gedərək hesabat hazırlayıb. Heyət yarımadada Krım Tatar Milli Məclisinin liderləri, ombdusman, Krım müftülüyü, media, təhsil və xalq nümayəndələri ilə görüşlər keçirib. Bu görüşlərdə Krımda tatar fəallarına qarşı təzyiqlərin işğaldan sonra artdığı, onlara qarşı gözdən salma, cəmiyyətdə nüfuz və təsirlərinin azaldılmasına yönəlik cəhdlərin olduğu üzə çıxıb.

Hesabatda Rusiya işğalından sonra Krımda ifadə azadlığı, dinc aksiya keçirmə, toplantılar təşkil etmək kimi haqların məhdudlaşdırıldığı, hakimiyyətin əhali üzərində təzyiqlərinin artdığı, məcburetmələr, həmçinin bunların fonunda açılmamış cinayətlərə rast gəlindiyi bildirilir. Bundan başqa işğaldan sonra yarımadanın tatar əhalisinin nüfuzlu şəxslərinin itaətsizliyə təşviq, radikalizm kimi fəaliyyətlərdə ittiham olunduğu, həmçinin tatar liderləri Mustafa Əbdülcəmil Krımoğlu, Server Kadırov, Refat Çubarov və Krım Xəbər Agentliyinin baş koordinatoru İsmət Yücelin Krıma daxil olmasına 5 il müddətinə yasaq qoyulduğu bildirilir.

Sənəddə yarımadada tatar mediasına təzyiqlərin artdığı, bəzi media rəhbərlərinin Krıma girişinin qadağan edildiyi, yarımadada isə bir çoxlarının davamlı olaraq istintaqa çağırıldığı, nəşriyyat və redaksiyalar ardıcıl basqınların təşkil olunduğu, nəşrlərə icazələrin verilməməsi, ATRKrım telekanalına yayın lisenziyasının verilməməsi və kanalın lisensiyasının yeni hakimiyyətə yaxın şəxslərə satılması, eləcə də Krım Vəqfinin əmlakının müsadirə olunması kimi detallar daxil edilib.

Bundan başqa hesabatda işğaldan sonra yarımadada sosial şəbəkələrin ciddi nəzarət altına alındığı, xüsusən də insan haqlarını müdafiə qurumlarının sosial şəbəkə üzərindən fəaliyyətlərinə maneələr yaradıldığı, bəzilərinin isə istintaqa çağırıldığı qeyd olunur.

Hesabatda qeyd olunur ki, işğaldan sonra Krım tatarlarının bir çoxunun artıq Rusiya vətəndaşlığı aldığı, bundan imtina edənlərin isə bütün vətəndaş hüquqlarından məhrum edildiyi, hətta pensiya almaq imkanlarını itirdiyi bildirilir. Eyni zamanda Ukrayna pasportunu təhvil verməyən tatarların işə götürülmədiyi və ya işlədiyi işlərdən çıxarıldığı, səyahət azadlığının məhdudlaşdırıldığı qeyd olunur.

Bundan başqa yerli xalqın həyatına əsas təhdidlərdən birinin 2014-cü il iyunun 14-dən etibarən rəsmi status alan “könüllü” silahlı işğal qüvvələridir. Sənəddə bu qüvvələrin xeyli fəal olduğu və insan haqlarının tapdanması fəaliyyətlərində iştirak etdiyi qeyd olunur.

Hesabatda məscid və mədrəsələrin işğaldan sonrakı durumuna da yer verilib. Qeyd olunur ki, yarımadanın işğalından sonra könüllü silahlı qüvvələr tatarların evləri ilə yanaşı məscid və mədrəsələrdə də axtarışlar aparır, xüsusi icazə olmadan məscidlərə daxil olaraq axtarış aparırlar. Eyni zamanda işğaldan sonra yarımadanın hazırkı rəhbərliyi tatar əhalisi arasında radikal həbəşi, vəhhabi və sələfi dini cərəyanlarının yayılması və tatarların bu qruplara meyl etdiyi görüntüsünü yaratmağa çalışdığı bildirilir. Bu siyasətin tatarların radikalizmə meylli olması və bununla da Rusiya müsəlmanları içərisində əridilməsi cəhdləri müşahidə olunub.

Bundan başqa hesabatda qeyd olunur ki, işğaldan sonra Krım tatarlarının dili yarımadada rəsmi dil statusu alsa da, reallıqda bunun əksi olub. Orta məktəblərdə tatarca dərs saatları azaldılıb, Ukrayna hakimiyyəti dönəmində çap olunmuş kitablar qadağan olunub, rus dilini daha çox təbliğ edən siyasət yürüdülüb. Bundan başqa Krım tatarlarının anım günləri və milli bayramlarının qeyd olunmasına əngəllər yaradıldığı bildirilir. Ümumi olaraq müşahidələr zamanı Krım tatarları arasında qorxu, qeyri-müəyyənlik və inamsızlığın geniş yayıldığı müşahidə olunub.

Qeyd edək ki, Türkiyədən Krımda hesabat hazırlamaq üçün göndərilən heyət rəsmi Moskva və Kiyevlə razılaşdırılıb. Heyətin üzvləri professor Zəfər Üskül (heyətin rəhbəri), professor Ayşegül Aydıngün, professor Abdullah Gündoğdu, professor İbrahim Kaya, Levent Korkut və Çağla Mazlumdan ibarət olub.

Nihad

Müəllif:

Oxşar xəbərlər