Ötən gecə Ukraynanın Xarkov şəhərində “Roshen” şirniyyat fabrikinin mağazasında partlayış olub.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyinin Xarkov vilayət idarəsinin saytında bildirilir.
Partlayış dalğası ilə vitrinlər və giriş qapısının şüşələri sınıb. Qeyd edilir ki, həlak olanlar və yaralananlar yoxdur. Şahidlərin sözlərinə görə, partlayışa az qalmış mağazanın yaxınlığında “Ukrayna” yazılan sarı gödəkcəli kişini görüblər.
Xarkov şəhər polisinin operativ qrupu, ekspertlər, həmçinin Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və prokurorluğun nümayəndələri hadisə yerinə gəliblər. Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb.
Ukraynanın ən böyük şirniyyat şirkətlərindən olan “Roshen” prezident Pyotr Poroşenkoya məxsusdur. Dövlət başçısı seçkilərindən əvvəl bildirib ki, qələbə qazanacağı halda biznesini satacaq. Prezidentin biznesinin satış prosesi 2014-cü ilin sonunda başlanıb, ancaq hələ başa çatmadığı bildirilir.