30 Dekabr 2015 13:16
1 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq başa çatmaqda olan 2015-ci il dünyada gərgin siyasi proseslər, qanlı terror hadisələri və qətliamlarla yadda qaldi. Teleqraf.com bu ilin ən vacib və maraqlı xəbərlərinin yekununu təqdim edir:

Terror aktları və qətliamlar

Bu ilin ən əsas xəbər başlıqları terror hücumları ilə bağlı oldu. "Şarli Hebdo"nun ofisinə silahlı basqın, Paris terroru, Rusiyaya məxsus təyyarənin Sinayda qəzaya uğraması, Tunis qətliamı, Pakistan, Əfqanıstan, İraq, Suriya, Türkiyə və Nigeriyada terror aktları uzun müddət siyasi gündəmi məşğul etdi. Bu terror aktları nəticəsində 10 mindən çox insan həyatını itirdi, 100 min nəfərə yaxın şəxs isə xəsarət aldı.

Terror hücumları səbəbindən bu il dəniz və quru yolu ilə Avropaya keçən miqrantların sayı 1 milyonu keçdi. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il miqrantların sayı ötən illə müqayisədə 4 dəfə artıb: "Təkcə Türkiyədən Yunanıstana 800 mindən artıq insan miqrasiya edib. Onlardan çoxu Suriya, İraq və Əfqanıstan sakinləridir". Təşkilatın məlumatında qeyd edilib ki, il ərzində 3965 miqrant suda boğularaq ölüb və ya itkin düşüb.

İŞİD və “Boko Haram”dan kütləvi edamlar

İŞİD terror təşkilatı bu il daha çox kütləvi edamlarla yada qalıb. Fevralın 2-də İŞİD 137 polisi İraqın Fəllucə rayonunda edam edib. Bu ilin mayında terrorçular Suriyanın Palmira şəhəri üzərində nəzarəti ələ alıb və şəhəri xarabalığa çevirib. Mayın 24-də aralarında qadın və uşaqların da olduğu 400 sakini itaətsizlik ittihamı ilə edam edib.

“Boko Haram” terror qruplaşması yanvarın 9-da Nigeriyanın şimalında yerləşən Baqa şəhərinə od vurub. Həyata keçirilən hücumlar zamanı 2 min nəfərin öldürüldüyü bildirilib. Bundan başqa avqustun 19-da terrorçular Nigeriyanın Kukava-Qari kəndində qətliam törədib. Hadisə zamanı 150 nəfər həyatını itirib.

Təbii fəlakətlər - 12 min ölü

Aprelin 25 və 28-də Nepalda 7,8 gücündə zəlzələlər baş verib. Nəticədə 9000 yerli sakin həyatını itirib, 22489 nəfər yaralanıb, zəlzələ 8 milyon insana zərər verib. Yeraltı təkanlar qonşu Hindistan və Çində də hiss olunub. İki ölkədə ümumilikdə 100 nəfər həyatını itirib, 400 insan xəsarət alıb. Oktyabrın 26-da İndoneziyada baş verən zəlzələ isə 365 insanın ölümünə, 2000 nəfərin yaralanmasına səbəb olub. Hindistanda bu ilin mayında qeydə alınan anomal istilər 2500 insanın həyatına son qoyub.

Fransa üçün unudulmaz il

2015-ci il Fransa hökuməti və ümumilikdə fransızlar üçün terror hücumları ilə yadda qalıb. Yanvarın 7-də Fransanın paytaxtı Paris şəhərində yerləşən "Şarli Hebdo" satirik qəzetinə edilən silahlı hücum nəticəsində 12 nəfər həlak olub. Öldürülən şəxslərdən ikisi Fransa Milli Polisinin əməkdaşı, qalan şəxslər isə qəzetin redaksiya heyətinin üzvləri olub. Həmin gün ölkənin bır sıra bölgələrində də terror aktları törədilib. Ümumilikdə yanvar ayı ərzində baş vermiş hadisələr zamanı Fransada 22 nəfər həyatını itirib, 26 nəfər yaralanıb.

Martın 24-də Fransanın cənubunda, Alp dağları ərazisində "Airbus A320" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Almaniyanın "Lufthansa" şirkətinin nəzdindəki "Germanwings" aviasiya şirkətinə məxsus olub. Almaniyanın Dusseldorf şəhərinə doğru hərkətdə edən təyyarənin qəzaya uğraması nəticəsində142 sərnişin və 6 nəfərlik ekipaj üzvünün hamısı həlak olub.


Bu ilin noyabr ayı isə Paris üçün əsl dəhşəti xatırlatdı. Noyabrın 13-də axşam saatlarında Parisdə 3 terror aktı törədildi. Şəhərin şimal bölgəsində restoranlardan birində atışma oldu. Daha sonra "Stad de France” stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədildi. Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən "Bataklan” teatrında ABŞ rok-qrupunun konserti zamanı yüzlərlə insan girov götürüldü. Ümumilikdə hadisələr zamanı 129 nəfər həyatını itirdi, 200-dən çox insan xəsarət aldı. Hücumda şübhəli bilinən 9 nəfər öldürüldü, 20-si polis tərəfindən saxlanıldı.

ABŞ-da polis hər gün üç vətəndaşı öldürür

ABŞ-da polis tərəfindən son beş ayda öldürülənlərin sayı 1000 nəfərə çatıb. Bunun müqabilində yalnız üç polis cəzalandırılıb. “Waşinqton Post”un araşdırmasına görə, ortaya çıxan rəqəmlər ABŞ-da polisin orta hesabla hər gün üç vətəndaşı öldürdüyünü düşünməyə əsas verir. ABŞ nəşri bu rəqəmin ötən 10 il ərzində FTB başda olmaqla, federal qurumların açıqladığı rəqəmlərindən iki dəfə çox olduğunu qeyd edib. ABŞ-da son vaxtlar silahsız qaradərili gənclərin polislər tərəfindən öldürülməsi Ferquson və Baltimor şəhərlərində genişmiqyaslı etiraz aksiyalarına səbəb olub.

ABŞ və Avropa Birliyindən Rusiyaya yeni sanksiyalar

Bu il həm də ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını genişləndirməsi ilə yadda qalıb. İyunda Rusiyaya qarşı qadağalar müddətinin Minsk danışıqlarının öhdəliklərinə əməl olunmaması səbəbindən 6 ay müddətinə uzadılmasına qərar verildi. İlin sonunda isə Rusiyaya qarşı sanksiyaların sayı artırıldı. Dekabrın 22-də ABŞ hakimiyyəti Rusiyaya qarşı sanksiyaların yeni paketini təsdiq edti. Ümumi siyahıya 34 fiziki və hüquqi şəxs düşüb. Bu barədə ABŞ Maliyyə Nazirliyi xəbər verib. Sanksiyalar altına VTB və “Sberbank” dövlət banklarının bir çox törəmə və xaricdə olan bölmələri də düşüb. Xüsusilə Ukrayna, Qazaxıstan və Avropada olan bölmələr hədəfə götürülüb. Bundan başqa, yeni siyahıda VTB və “Sberbank” ın qeyri-dövlət təqaüd fondları var. Avropa Birliyi isə öz növbəsində Rusiyaya qarşı qadağalar müddətinin 2016-cı il iyulun 1-nə kimi uzadılmasına qərar verib.

İranla “altılıq” liderlərinin nüvə sazişi

İranla "Altılıq" ölkələri arasında nüvə danışıqları hələ iyun ayından başlayıb. Lakin razılıqlar əldə olunmayıb. ABŞ əvvəlcə iyunun 30-da, daha sonra iyulun 9-da aparılan danışıqların bir neçə dəfə uzadılmasının normal hal olduğu olduğunu bildirib. Nüvə razılaşması nəhayət, iyulun 14-də Vyanada əldə olunub. İran parlamenti isə nüvə sazişini oktyabrın 13-də təsdiq edib. İrana qarşı sanksiyaların ləğv ediləcəyi gözlənilir.

Rusiya sərnişin təyyarəsinin qəzaya uğraması

Bu il Rusiya üçün uğursuz və faciəli il oldu. Misirin Şarm Əl-Şeyx kurortundan Sank Peterburqa uçan Rusiyaya məxsus Airbus A-321 sərnişin təyyarəsi havaya qalxandan 23 dəqiqə sonra Sinay yarımadasının şimal-şərqində qəzaya uğrayıb. Təyyarədə olan 217 sərnişin və 7 ekipaj üzvü hadisə nəticəsində həlak olub. Məlumatlara görə, sərnişinlər arasında 17 uşaq olub. Rusiya prezidenti Vladimir Putin aparılan araşdırmalardan sonra verdiyi açıqlamada hadisəni terror aktı kimi qiymətləndirib.

Noyabrın 4-də Cənubi Sudanda Rusiyaya məxsus nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində 40 nəfər həyatını itirib. Ölənlərdən 5-i Ermənistan vətəndaşı olub.

Rusiya Federasiya Şurası sentyabrın 30-da rus ordusunun xarici ölkələrdə əməliyyat keçirməsi barədə qərar qəbul edib. Bunun ardınca isə Əsəd Moskvadan Suriyaya hərbi dəstək verməsini istəyib. Qərardan bir gun sonra, Rusiya rəsmi olaraq, Suriyada hərbi əməliyyatlara başlayıb. Qeyri-rəsmi məlumatlara görə, rus qırıcıları Suriyada İŞİD-ə qarşı deyil, müxaliflərə qarşı hava hücumları həyata keçirir. Hücumlar zamanı çox sayda dinc sakin həyatını itirib.

Türkiyə Rusiyaya məxsus Su-24 qırıcısını vurdu

Bu ilin ən səs-küylü hadisəsi noyabrın 24-də Türkiyənin Rusiyaya məxsus Su-24 qırıcısını vurması oldu. Hadisə zamanı bir pilot həyatını itirib, digəri isə Suriya ordusu tərəfindən xilas edilərək, Rusiyaya təhvil verilib. Türkiyə qırıcının bu ölkənin hava məkanını pozduğu üçün vurulduğunu açıqlayıb. Rusiya isə bu məsələni təkzib edib və Su-24-ün Suriya sərhədləri daxilində düşürüldüyünü bildirib. Bu hadisə iki ölkənin münasibətlərinin gərginləşməsinə səbəb olub. Sonuncu dəfə bu ilin oktyabrında Rusiya təyyarəsi Türkiyə sərhədlərini pozduqdan sonra rəsmi Moskva Ankara hökumətindən üzr istəmiş və hadisənin təkrarlanmayacağı ilə bağlı söz vermişdi. Ancaq buna baxmayarq, noyabrda eyni hadisənin baş verməsi Türkiyənin qırıcını vurması ilə nəticələndi. Hadisədən 4 gün sonra Rusiya prezidenti Türkiyəyə qarşı sanksiyaların qəbul edilməsi ilə bağlı fərman imzaladı.

Türkiyədə terror hadisələri

İyulun 21-də Şanlıurfanın Amara Mədəniyyət Mərkəzinə kamikadze hücumu olub. Terror hadisəsində 32 nəfər ölüb, çox sayda insan yaralanıb. Bundan başqa, bu il Türkiyədə PKK terror təşkilatının aktiv fəaliyyəti ilə yadda qalıb. PKK-çıların hücumları zamanı 200-ə yaxın əsgər şəhid olub, 1000 nəfər yaralanıb. Rəsmi məlumatlara görə, aparılan anti-terror əməliyyatları zamanı 500 terrorçu öldürülüb. PKK terrorçularının ən dəhşətli hücumu oktyabr ayında Ankarada sülh yürüşü zamanı törədilib. Hadisə nəticəsində 100-dən çox dinc sakin həyatını itirib, 240 nəfər yaralanıb.

Həcc ziyarəti zamanı dəhşətli faciə

Bu il Həcc ziyarəti zamanı da bir çox xoşagəlməz hadisələr yaşanıb. Səudiyyə Ərəbistanın Məkkə şəhərində əvvəlcə daşqın olub. Sentyabrın 11-də Məscidi Həramda kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər xəsarət alıb. Ardınca Məkkədə dağ uçqunu nəticəsində azı 2 zəvvar həyatını itirib. Son olaraq isə, sentyabrın 24-də Mina faciəsi baş verib. Mina dağında yaranan basabas nəticəsində 220 nəfər ölüb, 450 zəvvar yaralanıb.

Çin və İndoneziyada qəzalar

Nankin şəhərindən Çunçinə gedən “Şərq ulduzu” səyahət gəmisi iyunun 1-də axşam saatlarında Xubey əyaləti ərazisində qəzaya uğrayıb. Qəza zamanı 442 nəfər həyatını itirib. Avqustun 12-də Çinin Tyansin şəhərinin Binhai rayonunda logistika şirkətinin anbarında iki güclü partlayış baş verib. Hadisə nəticəsində 23-i yanğınsöndürən olmaqla 268 nəfər həlak olub, 800 nəfər yaralanıb.

İyunun 30-da İndoneziyanın Medan şəhəri yaxınlığında "Lockheed C-130 Hercules" hərbi-təyyarəsi otellərdən birinin üzərinə düşüb. Qəza zamanı 141 nəfər həyatını itirib. Daha bir təyyarə qəzası isə avqustun 16-da baş verib. İndoneziyanın "Trigana Air Service" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 64 nəfər həlak olub.

Qlobal Terrorizm İndeksinin hesabatında bildirirlir ki, 2015-ci il son 15 ilin ən qanlı ili olub.

Samir İSAYEV


Müəllif: