22 May 2018 13:55
2 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı Umgülsüm 9 yaşından şeir yazmağa başlayıb, 1914-cü ildən “İqbal”, “Yeni iqbal”, “Acıq söz” və s. mətbuat orqanlarında hekayə və şeirlərini çap etdirib.

Yazıçı-publisist Mehriban Vəzirin sözlərinə görə, onun 200-dən artıq şeiri, bir poeması bizə gəlib çatıb. O, həmçinin “Vətən sevgisi”, “Solğun çiçək” və s. hekayələrin müəllifidir. Əsərləri tam həcmi ilə çap edilməyib. 1899-ci ildə dünyaya gələn Umgülsüm ağır sürgün həyatından sonra 1944-cü ildə vəfat edib.

Teleqraf.com Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı, Seyid Hüseyn Sadiqin həyat yoldaşı, şairə və jurnalist Umgülsüm Sadiqzadənin şeirlərini təqdim edir:

Umgülsüm 1920 ci il aprelin 28-də Cümhuriyyətin devrilməsi ilə əlaqədar “Hicran” şeirində yazır:

Ayrılınca hilal qaşlı yarımdan,

Mən yaslara batdım, geymədim əlvan.

Düşünüb o yıldız gözləri hər an,

Ağlarkən kəndini yorma, dedilər.

Könül şəkvəsini kimə söyləsin,

Qəlbimin dərdini kimlər dinləsin?

Səni sevən, sənsiz ömrü neyləsin?

Dalınca qoşarkən, varma, dedilər...

Günəşim bir daha doğmayacaqmı?

Vəhşi qaranlığı boğmayacaqmı?

Kölgələri şərəf qovmayacaqmı?

Sordum, ümidini qırma, dedilər.

Bayrağım enərkən

Yazıq səni Bayrağım, endirdilər, öyləmi?

Səni yıxıb devirən o zəhərli ruzigar,

O haqq yeyən haqsızlar, vəhşilər, tanrısızlar

Yanar ocağımı da söndürdülər, öyləmi?

Bir röyamı oldu o, gördüklərim, həpisi?

Bağlandımı üzümə türk elinin qapısı?

Xəzərə xitab

Darmadağın eylə dalğalarınla

Bizi dar divara alan qalanı.

Heçliklərə sovur nalələrinlə

Çıxılmaz tilsimə salan qalanı.

Nəymiş təqsirimiz, neyləmişik biz?

Bunu sən sual et, mənim dilim yox.

Hansı xəyanətin şərməndəsiyiz?

Bunu sən sual et, mənim dilim yox.

Aşağıdakı parçanın da Umgülsümə aid olduğu deyilir:

Sinemde yanar dağlar bahçeler bağlar yetim

Sensizken canım ağlar bensizken memleketim

Özüme bir kez dokun, gör nasıl birisiyim

Aşka aşıkken bile memleket delisiyim.


Müəllif: Nərgiz