2 Oktyabr 2019 15:00
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Frans Kafkanın əsərləri qaramat və boğucu görünə bilər, amma dostları Maks Brod və Qustav Yanoçun dediyi kimi, özü belə deyildi. Hər ikisi Kafkanın müsbət auralı və zarafatcıl biri olduğunu deyirdi. Hətta “Məhkəmə” adlı romanının ilkin əlyazmasını dostlarına gülərək oxumuşdu. Lakin Kafkanın təkcə əsərlərində yox, məktublarında da qaramat hava hökm sürür. Bəlkə də bunun sirri Kafkanın özü haqda danışmasından daha çox yazmağa olan güclü ehtirasında idi – onun ən böyük sirri gizliliyi idi.

Teleqraf.com avstriyalı yazıçı Frans Kafka haqda yazını təqdim edir.

Kafka ailə baxımından Dostoyevskiyə oxşayırdı – onun anası da həssas və duyğusal, atası sərt bir xarakterə sahib idi. Atası Herman Kafka bu özəlliyi ilə yazıçının gözündə ölçü meyarına çevrilmişdi. Təsadüfi deyil ki, Kafka həyatı boyu atasının kölgəsini üzərində hiss etmişdi və bu səbəbdən də ciddi özgüvən problemi vardı. Bu problem cinsi və duyğusal həyatına da mənfi təsir göstərmişdi. Romanlarındakı insanlardan qaçış atasından qaynaqlana bilərdi.

“Çevrilmə” novellasında bir səhər yuxudan ayılanda həşarata çevrilən Qreqor Zamza kimsə yox, elə Kafkanın özü idi. Həşarata çevrildikdən sonra otağına məhkum olan Qreqor son nəfəsinədək atasının nifrətini öz üzərində hiss edir.

Kafka ailəsinin dramı

Atası ilə münasibətini açıq formada göstərən ən yaxşı mətn atasına yazdığı və heç vaxt göndərmədiyi uzun məktubdur. Lakin Feliks Guattari və Gillz Deleuz bu barədə fərqli fikirləşir. Hər ikisinə görə, günahkar ata yox, birbaşa Kafkanın özüdür. Guattari və Deleuz Frans Kafkada güclü olana itaət etməyə yönəlik güclü istəyin olduğunu iddia edir.

Həqiqətin necə olmasından asılı olmayaraq, ailəsinin Frans Kafkanın həyatına və əsərlərinə təsiri qaçılmaz olmuşdu. Həyatı boyu atasından şikayət edən yazıçının iki qardaşı o uşaqkən ölmüşdü. Ən sevdiyi ailə üzvü Ottl da daxil olmaqla, üç bacısı nasistlərin əsir düşərgəsində qətlə yetirilmişdi. Bəlkə Kafka da vərəmdən ölməsəydi, bu düşərgədə həyatını itirəcəkdi.

Yalnızlığın əsarətində

Frans Kafkanın ətrafla da ciddi problemləri vardı. Alman dilində danışdığı üçün çexlərin, yəhudi olduğu üçün isə almanların nifrətinə tuş gəlmişdi. Yaşadığı dövrdə yalnızlığa məhkum olmasının əsas səbəblərindən biri də bu idi.

Kafka da iki böyük yazıçı – Tolstoy və Dostoyevski kimi çəlimsiz və çirkin idi. Eybəcər görünüşü ölənədək ona əzab vermişdi. Məktublarında bunu belə ifadə edir: “Bu vücudla heç nə əldə etmək mümkün deyil”.

Kafka dahi bir yazıçı kimi yalnız ölümündən sonra üzə çıxmışdı. Daha doğrusu, İkindi Dünya Müharibəsinin yaratdığı qaramsarlıq, ümidsizlik və qorxu onun əsərlərinə olan diqqəti artırdı. Buna görə də təkcə oxucular yox, ədəbiyyat adamları da onu sonradan görənlərdəndir.

Yadlaşma

Kafkanı dünyaya təqdim edənlər arasında Fransa ədəbi mühitinin məşhur simalarının böyük rolu vardı. Andre Breton, Alber Kamyu və Jan Pol Sartr onların arasındadır. Kafka bu yazarları yadlaşma mövzusuna yönəltmişdi. Əsərləri Almaniyada dünya müharibəsindən sonra – 1950-ci illərdə, vətəni Çexiyada isə daha gec tarixlərdə yayımlanmışdı.

Kafkanın sadəcə Dostoyevski ilə yox, Viktor Hüqo ilə də ortaq nöqtələri var. Hər ikisi fahişəxanaların ən sadiq müştəriləri idi. Hüqonun belə biri olduğu dəqiqdir, Kafka məsələsində isə şübhələr təsdiq edilməmiş qalır. Yəni, onun fahişəxanalara bağlılığı sadəcə iddiadan ibarətdir – cinsi məsələlərdə kompleksli olduğu isə məlumdur.

Siyasi dünyagörüşü

Frans Kafka heç bir siyasi partiya və ya təşkilata üzv olmamasına baxmayaraq, bir sosalist idi. Hətta anarxistlərə simpatiyasının olduğuna dair ibarələr də var. Məktəb dostu Hüqo Berqmana görə, Kafka öz siyasi dünyagörüşünü nümayiş etdirmək üçün yaxasında qırmızı qərənfil gəzdirirdi. Ən yaxın dostu Maks Brod isə Kafkanın anti-militarist tədbirlərə qatıldığını, amma danışmadığını və bu səbəbdən də “susqun” adlandırıldığını yazırdı. Digər dostu Qustav Yanoça görə, Kafka anarxizmin ən məşhur simaları Kropotkin, Bakunin və Prodxonu sevərək oxumuşdu, üzv olmamasına baxmayaraq, anarxist qruplaşmaların tədbirlərində iştirak etmişdi.

Qadınlar arasında yalnız

Kafkanın Felisa, Milena və Dora olmaqla üç ciddi sevgi münasibəti vardı. İlk sevgilisi Felisa ilə çalxantılı bir münasibəti olmuşdu, onunla iki dəfə nişanlansa da evlənə bilməmişdi. Sonrakı illərdə isə evli qadın Milena Yesenskaya ilə məktublaşmağa başlamış və bu məktublaşma uzun illər davam etmişdi. Son olaraq polyak dayə Dora ilə nişanlanmışdı. Kafkanın ölümü ilə bu münasibət sona çatmışdı.

Kafkanın ölümündən sonra gizli münasibətlərinə dair ilginc iddialar ortaya çıxmağa başladı. İddianı dilə gətirən isə iki dəfə nişanlandığı Felisanın rəfiqəsi Qreta Bluçdur. Qreta və Kafkanın uzun müddət məktublaşdığı bir həqiqətdir, amma Qretaya görə, münasibət məktublaşmadan o tərəfə keçirdi. Frans Kafkanın ölümündən sonra Qreta ondan bir uşağının olması iddiası ilə ədəbiyyat və sənət dünyasını çalxalamışdı. Əlbəttə Kafka kimi bir çəkingən adamın iki ən yaxın rəfiqəni eyni anda əldə saxlaması, bir qədər inanılmaz kimi görünür. Hərçənd ki, Qretanın dediyi uşaq 1921-ci ildə - Kafkadan əvvəl ölmüşdü, üstəlik bundan yazıçının xəbəri olmamışdı. Habelə Qreta da, Kafkanın bacıları kimi almanların əsir düşərgələrində öldürüldü.

Kafkanın Dora ilə münasibəti isə ciddi idi, hətta Yaxın Şərqə köçüb bir restoran açmağı belə düşünürdülər. Dora bu xəyali restoranın aşpazı, Kafka isə baş ofisiantı idi. Lakin Kafkanın ölümü buna imkan vermədi.

Milena Yesenskaya

Çex jurnalist Milena Yesenskaya münasibəti ən sarsıdıcı və dərin olanı idi. Milena Kafkanın əsərlərini çex dilinə çevirən qadındır. Əlbəttə Kafka kimi bir dahinin aşiq olduğu qadın təkcə bundan ibarət deyildi. Milena bir tərcüməçi, jurnalist, köşə yazarı və materialist fəlsəfəyə inanan bir intellektual və anarxist ruhlu aktivist idi. Eyni zamanda, onlarla insanı Gestapo zülmündən xilas edən bir qəhrəman…

Kafka və Milena tərcümə işi sayəsində məktublaşmağa başladı, lakin bu məktublaşma gedərək məhəbbətə çevrildi. Amma Milena evli qadın idi və bu, münasibətlərini qeyri-mümkün edirdi. Üstəlik hər iksi ayrı-ayrı şəhərlərdə yaşayırdı. Bu ümidsiz vəziyyət Kafkanı ciddi mənada tükətdi. Milena və Kafka sadəcə üç dəfə görüşə bilib. Üçüncü görüş isə yazıçının məzarı başında baş tutmuşdu. Milenanın onun ölümündən sonra günlərlə məzarlığa getdiyi iddia olunur. Milena onlarla insanı nasistlərdən xilas edə bildiyi halda, özünü qurtara bilməmişdi. Müharibənin başa çatmasına bir il qalmış – 1944-cü ildə əsir düşərgəsində qətlə yetirildi. Lakin tarix bu böyük və güclü qadın haqda sadəcə “Kafkanın gizli məşuqu” kimi danışır.

Sirli “Qəsr”

Kiminə görə, Kafka “Qəsr” adlı romanında bürokratiya, kiminə görə isə Tanrını simvollaşdırdıb. Amma başda Feliks Quattari və Bruno Şülz olmaqla, bir çox ədəbiyyat adamı əslində bu romanda Milena ilə olan münasibətini simvollaşdırdığını iddia edir. Frans Kafkanın Milena Yesenskaya ilə münasibətinin təsiri altında belə bir roman yazdığını düşünürlər. Bu iddiada həqiqət payı bundan ibarətdir ki, Kafka da bir yolunu tapıb Milenaya qovuşa bilməmişdi. Kafkanın bu evli qadına yazdığı məhəbbət məktubları isə ədəbiyyat tarixinin xəzinələrindən biri sayılır.

Praqada “qara qış”

Frans Kafka bəlkə də ən çox Milenanı sevmişdi, amma bir iddiaya görə, onun həyatını təlatümə gətirən əsas olay Felisa ilə ikinci nişanını pozması idi. İkinci nişan 1917-ci ildə Praqda qəti şəkildə pozulmuşdu. Felisa Berlindən Kafka isə Sürixdən gələrək Praqada görüşmüşdülər. Həmin ilin dekabrın 27-də ayrıldıqdan sonra Felisa geri qayıdır.

Maks Brod bu olay haqda deyirdi:

“Az əvvəl Felisanı qatara qədər yola salmışdı, üzü ağarmış, sərtləşmiş və gərilmişdi. Birdən-birə ağlamağa başladı, onun ilk dəfə ağlayan görürdüm. Bu səhnəni heç vaxt unutmayacağam. Yaşadıqları arasında ən qorxunc səhnə bəlkə də budur. Kafka Felisanı yola saldıqdan sonra birbaşa mənim yanıma gəlmişdi, otağımdakı kiçik stula çökdü və hönkürərək ağladı. Ağlaya-ağlaya “Belə bir şeyin olması nə qədər qorxuncdur, elə deyil?”, dedi. Yanaqlarından süzülən göz yaşının arxası kəsilmirdi. Onu heç vaxt belə ümidsiz, dağınıq bir halda görməmişdim”.

Kafka isə gündəliyində bu haqda belə yazırdı:

“Duyğusuz bir insanam mən. Elə bir haqsızlıq etdim ki, buna görə zavallı qız əzab çəkir, ona bu əzabı yaşadan işgəncə aləti isə mənim əlimdədir”.


Müəllif: Mənsur Rəğbətoğlu