11 Dekabr 2019 12:02
1 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunan ümumrespublika elmi-praktik konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransda Qoruq İdarəsinin Elm şöbəsində hazırlanan “Bir əsrlik Nəsimi araşdırmaları” adlı 800 səhifəlik kitab təqdim olunub.

Elm xadimləri, millət vəkillərinin iştirak etdiyi tədbirdə qoruğun idarə heyətinin üzvü Cavid Kazımov bildirib ki, ölkəmizdə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında ölkə başçısının müvafiq sərəncamına əsasən “İllik tədbirlər planı” tərtib edilib.

İl ərzində qoruq idarəsi tərəfindən müxtəlif formatlı tədbirlər keçirilib. Nəticə etibarilə respublikamızın tanınmış nəsimişünas alimləri, müasir türk şərqşünasları və klassik tədqiqatçılar tərəfindən yazılan elmi əsərlərdən ibarət “Bir əsrlik Nəsimi araşdırmaları” adlı kitab ərsəyə gəlib.

Layihə rəhbəri İradə Musayeva bildirib ki, bu kitabdan elmi-mədəni, ictimai auditoriya, həmçinin ali məktəblərin müəllim və tələbələri əhəmiyyətli dərəcədə yararlana bilər. Kitabın I fəsli müasir nəsimişünasların, II fəsli isə klassik tədqiqatçıların Nəsimi haqqındakı məqalələrindən ibarətdir.

Kitabın elmi redaktoru, Milli Məclisin komitə sədri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynovun sözlərinə görə, ruhun, azadlığın ifadəçisi olan Nəsiminin dili qeyd edilən 100 illik müstəqilliyimizin davamı deməkdir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva kitab haqqında və orada yer alan elmi məqaləsi barədə danışıb. Bildirib ki, sözügedən kitab dünya kitabxanalarına da təqdim olunacaq

Tədbirdə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev “Nəsimi: edamdan sonrakı həyat”, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli “Nəsimi şeirində Qurani-Kərim və hədislər”, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuridə Novruzova “Nəsimi şeirlərində poetik müraciət formaları” adlı məruzələrlə çıxış ediblər.


Müəllif: Teleqraf.com