Teleqraf.com istedadlı şair Allahşükür Ağanın şeirlərini təqdim edir.
Allahşükür Ağa (Ağayev Allahşükür Güləhməd oğlu).
1991-ci ildə Saatlı rayonunun Əhmədbəyli kəndində anadan olub. 2013-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun filologiya fakültəsini bitirib. Uşaqlıq illərindən bədii yaradıcılıqla məşğul olub, şeirləri müxtəlif mətbuat orqanlarında çap edilib.
Üç kitab müəllifidir. AYB-nin üzvüdür. Prezident təqaüdçüsüdür.
Hazırda Saatlıda Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.
Ləpir
Axşam qoyub gəldiyim ayaq izlərimi
Səhər qarşılayıram,
Demək yaşayıram.
Bir ayaq ləpirim
Axşam yağan yaz yağışından
Bir ovuc su saxlamış içində...
Bir alagöz sərçə su içir
Ayaq ləpirimdən.
Başını yuxarı qaldırdıqca
Sərçənin duasını eşidirəm:
“Allah, sabahımız üçün də
Bir ayaq saxla.”
Elə sevinirəm ki,
əyilib baxıram
ayaqlarıma...
Ağac haqqında nağıl
Bu ağacın kölgəsi o qədər dərindi ki,
Boğulmaq olar.
Bu ağac o qədər doğmadır ki,
Qoynunda quş kimi
Doğulmaq olar.
Bəlkə, bu ağac qadındı elə,
Öpmək olar yarpağından.
Bəlkə, bu ağac ölümdü elə,
Asılmaq olar budağından.
Bəlkə bu ağac axşamdı,
Şam yandırmaq olar altında...
Bu ağacın kölgəsi yağışdı,
Şamı söndürər onda.
Bu ağac da şəhərdi,
Elə ağac adında...
Biz də onun yadında...
Yaddaşında, huşunda...
Çiçəklər, əllər
Məncə, çiçəklərin
Ən gözəl xatirəsi sənin əllərindi.
Həm çiçəyə bənzəyir,
Həm də boş qalıb indi
Çiçəklərin yuvası kimi.
Əllər daha çox ağlayır, məncə.
Çünki əllərini bəzəyən güllər
Bir azdan zibil qabını
Eyni ahənglə sevindirəcək.
İndi çiçəkmi vəfasızdı, yoxsa əllər?
Məncə, çiçəklər.
Əvvəl torpağı sevindirdi,
Sonra qonşunun uşağını.
Sonra bülbülü,
Sonra sənin əllərini,
İndi də zibil qabını.
Arxasınca ağlayan xatirələr,
Çiçəklərin ayağının tozudur,
Məncə.
Tüstülərdə göz yaşı
Bacalardan qalxan tüstülər
Meşələrin ahıdır bəlkə.
Ona görə özlərini dumana bənzətməklə
Ovunmaq istədilər bir az...
Ağacların gələcəyidir tüstülər,
Hər gün meşələrin üstündə dayanıb,
Əl eləyirlər,
bir az susurlar.
Yenə dumanda bir az göz yaşı var,
Bir az yaşla sevinir adamın gözü.
Amma
Göz yaşı da yanıb
Bu tüstülərin.
Adamın gözündən dartıb
Yaşı da çıxarır hələ.
Biz neylədik, insanlar,
Göz yaşlarını yandırıb
Qızınmaqmı olar?
Uşaq dükanı
Uşaq dükanlarında
Paltarlar qışqırır,
Ayaqqabılar tappıldayır,
Papaqlar atılıb düşür,
Köynəklərin qolları əl eləyir,
Səsləri qıfılları silkələyir:
“Buraxın bizi,
Hardasa üşüyürlər uşaqlar”.
Bir it qaçırdı yolla
Bir it qaçırdı yolla,
Boynunda zənciri sürüyə-sürüyə,
Başqa itlər də itin yanınca
yüyürə-yüyürə,
Uşaqlar da itin arxasınca qaça-qaça
Gedirdi bir kənd.
Əslində tamaşaydı bu,
adamlar dayanıb baxırdılar
itin qaçışına.
Zəncirini sürüyə - sürüyə
Aparmağına.
O zənciri necə
Qoparmağına.
Heç nəyin fərqində deyildi it,
İt çəkib aparırdı azadlığını.
Bir də onun azadlığını boğan
əllərimizi...
Biz də əllərimizin arxasınca
qaçırdıq.
Unudun məni
Unudun məni getsin,
20 yanvar kimi...
Elə bilin olmamışdım,
Heç ağlamamışdım,
Heç sevməmişdim...
Məni unudun getsin
Şəhid kimi
Elə bilin ölməmişdim,
Elə bilin evlənmişdim,
Yüz yaşamışdım,
Qocalmışdım,
Saqqalım daraq kimi
Havanı daraqlayırdı...
Məni unudun getsin...
13-cü ay kimi
Qanadsız quş təki,
Qanadlı sular kimi,
Ağacların qabaq əlləri vardı,
Necə ki ağac unutdu onu
Siz də elə unudun məni.
Baxışlarımın havada açdığı şırımla
Çıxıb gedirəm,
əlvida!
İtmiş gecə
Xeyli zamandır ki, bu yer üzündə,
Sürünə-sürünə bir gecə gedir.
Bu gecə işıqdan qalıb hamilə,
Tutqun gecələrdən gizlicə gedir.
Heç yerdə dayanmır bu qatar gecə,
Sonuncu vaqontək çəkir qəlbimi.
Görən, gözü bağlı, ürəyi bağlı,
Bir gecə itibdir, dünya bilirmi?
Bu gecə sürətdən açıla, qala,
Özünə duracaq seçə səhəri.
Uzanar qatarın pəncərəsindən,
Cavidin, Müşfiqin şeir əlləri.