2 Aprel 2022 11:21
3 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com şair Ruzbeh Məmmədin şeirlərini təqdim edir.

Müharibə

Qulağını gətir pıçıldayım... sonuncu sağlıq
Aman Allah, bu nə yolçuluq, bu nə uzaqlıq
"Kövrəlmə, yekə kişisən, bu nə uşaqlıq"...

Aman-zaman bircə unutma -
arxada durub qoynunda qollarını
unudanları,
bir qucaqlıq canı olan qadınları,
unutma hamının atıb getdiyi
eynəkli adamları.
Səni and verirəm, barıt qoxulu köynəklərə
Qayıtsan döyüşdən qoca analar üçün eynək,
əri güllələnən qadınlara məktub gətir.

Bir də gəl qucaqlaşaq - nə olar, nə olmaz...

Məktub

Səndən heç nə istəmirəm - bircə çiçək qoxusu ilə qal məndə
Səndən heç nə istəmirəm - bircə kəpənək mövsümü ilən sev məni
Səndən heç nə istəmirəm - balıqları öldürmə,
yarpaqları xəzan bilib tapdama,
yağışlara üzülmə, küləklərə darıxma...

Kədərin ağlamaq şəkli

(Anamın 63 yaşı üçün)

Səhər günəşi doğmadan, payız yağışı yağmadan başlardı ömür
Təndir qoxulu ana,
elə ağlaram ki, elə ağlaram
Şəkilinə baxıram: kəndimiz, yağışımız, dumanımız, bir az da taleyimiz görünür
Uzaqdan elə görünürsən, elə görünürsən...

Taleyimdə elə xatirələr var ki...
yadıma düşdükcə yaşlaşıram, elə yerdə dayanmışam ki,
tərpənmək bu anda yıxılmaqdı...

Bilmirəm, kim qarğıdı balanı, xoş gün gəzə-gəzə uzaqlaşıram səndən də
Taleyim elə yerlərə atdı ki, qaçıb qurtula bilmədim,
bilsəm sənə yaxınlaşardım
Ömrüm uzundu, ya qısa - hər ikisi hüzndü, ağrıdı.

13 il öncə darıxmaq fəslində

Payız olmasaydı, yarpaqlar indi
Hələ düşməmişdi budaqlarından,
Quşlar kəndimizdən köç etməmişdi,
Arılar hələ də gül axtarırdı
Mən də ki oturub darıxmamışdım
Külək də döymürdü pəncərələri

Amma gördük ki, payız qapıda
Kəndinsə üstündən bir sürü leylək.

Səs-səsə veriblər buludlar altda

Gedirlər hardasa böcək tapmağa
Ümidli leyləklər axışdı getdi
Ağac başındakı ətcə qarğalar
Bir axşam qəfildən yığışdı getdi
Elə bil əbədi susdu təbiət...

O qədər çəkilib onda xəlvətə
Ağladım o gedən qarğalar üçün
Ağladım, yarpaqsız budaqlar üçün...

Kəndi də bürüdü hər yandan duman
Sonuncu kəpənək torpağa düşdü
Öldü böcəklərin güllüsü, öldü
Bizim cücələrin əllisi öldü
Anamın barmağı dəyən cücənin
Qisməti tuş gəldi ala pişiyə
Hamını bürüdü qanqaraçılıq...

"Onsuz da havalar sərt keçəcəkdi
Cücə ölməyib də nə öləcəkdi?"-
Anamı beləcə təsəlli verdim,
Anamı ötürdüm qocalığına.

Payıza min lənət oxudu hamı
Qəfildən anamın yarpaq əlləri
Qocaldı əkdiyi çiçəklər üçün...

Mənim arzularım heykələ döndü
Heykəldən özümə ümid düzəltdim
Sonra ümidlərim qopdu, puç oldu
Barmağı qatlayıb hesab etdiyim
Bütün saydıqlarım sonda heç oldu

Ən gözəl adamlar öldü qəfildən
Ən yaxşı adamlar uzağa getdi
Daha heç düşmədi sahmana həyat;
Payız da qayıtdı, leylək qayıtdı
Yarpaq də qayıtdı, böcək qayıtdı
Bircə qayıtmadı əclaf arzular
Bircə qayıtmadı ümidlər geri...

***

Gərək inciməzdin heç
Gərək ötüb keçəydin
Sən dağılmış şəhərdin,
tərk edilmiş küçəydin
Mən səni
axtaranda...

Nə həmin vaxtdı, nə o an
Nə mən mənəm, nə sən sən
Sən mənim getmədiyim
Gərçi arzu etdiyim
Ən sevdiyim şəhərsən
Ki, bildim darıxanda...

O gün yuxuda görmüşəm
Tənhalığın içində
Qaşqabağa batmısan
Bir az üzdən kökəlmisən,
bir az saç uzatmısan.
Hikkən də bir az azalıb
Əvvəlkinə baxanda
Səndən bircə istədiyim
Saçlarına toxunma,
Məndən acıq çıxanda...

Bilirəm, onsuz tənhadı
Mənim öpüb, and içdiyim
Qollarınsa yaxanda...

Gərək inciməzdin heç
Gərək keçib gedəydin
Mən səni axtaranda...

Tarixin qadın tərəfi

Bu günə kimi elə bilirdim qadın kişi üçün tanrı tərəfindən göndərilən hədiyyədi,
elə bu günə qədər bilirdim qadın kişinin müqəddəs yeridi,
bu günə qədər elə bilirdim qadın qollarından adam xoşbəxtlik düzəldib yaşaya bilər
Sən demə qadın kişinin çəkildiyi ən böyük dərd yeridi
Həm də qadın kişinin məhvidi

Tarixdəki qəhrəman qadınları bizə sırıyan tarixçiləri hələ neçə-neçə əsr söymək olar:
Məsələn, yalandı Janna Dark, yalandı Vanqa
Ki, ehtiraslardan ötə keçə biliblər

Qadınların kişinin tərəfinə keçmə istəyi, yəni kişiyə özünü təslim etməsi, azadlığa qovuşma istəyidir.
Ehtirasın ən sonuncu dayanacağıdı qadın...

Hardasa müharibələr də olmayacaqdı tarixdə.
Əgər ki, tanrı yer üzünə qadın göndərməsəydi
Əslində elə bilirdik yaşamaq üçün mütləq qadın lazlmdı,
sonra başa düşdük ki, intihar üçün ən yaxşı vasitədir.
Amma susaraq deyim; qadın kişinin məhvidi


Müəllif: Teleqraf.com