Ermənistan parlamentinin bu günə təyin olunmuş iclası kvorumun olmaması səbəbindən baş tutmayıb.
Teleqraf.com xəbər verir ki, bu hal parlament müxalifətinin etirazına səbəb olub.
Ermənistan parlamentindəki “İşıqlı Ermənistan” fraksiyasının başçısı Edmon Marukyan iclasın baş tutmadığını gördükdə üzünü hakimiyyəti dəstəkləyən “Mənim addımım” fraksiyasının başçısı Lilit Makuntsa tutaraq deyib:
“Fraksiyanız kvorumu təmin etməmək və bugünkü hökumət saatını pozmaq üçün parlamentin iclasına gəlməməklə bağlı qərar qəbul edibmi? Əgər belə bir qərar qəbul edilibsə, bizə deyin, biz də bilək”.
Lilit Makunts buna cavab olaraq deyib ki, bütün hökumət üzvlərinin həddindən artıq yüklənməsinə görə fraksiya bu həftə hökumətə əlavə yük yaratmamağa qərar verib: “Bəli, belə bir qərar qəbul edilib, ancaq yalnız bu dəfəlik”.
Qeyd edək ki, bu gün Ermənistan parlamentinin bir gün əvvəl qəbul edilmiş qanun layihələrini ikinci oxunuşda müzakirə etmək üçün növbədənkənar iclasının keçirilməsi planlaşdırılmışdı.
Ermənistan parlamentinin strukturu 132 deputat yerindən ibarətdir. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” alyansı 88, müxalifət isə 44 deputat yerinə malikdir. Onlardan 24 yer “Çiçəklənən Ermənistan”, 17 yer “İşıqlı Ermənistan” fraksiyasına məxsusdur. Üç deputat heç bir fraksiyaya məxsus deyil.