12 Yanvar 2021 13:10
2 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda AES-in (Metsamor Atom Elektrik Stanasiyası) fəaliyyəti dövründə kifayət qədər əhəmiyyətli miqdarda radioaktiv tullantı, eləcə də istehsal tullantıları kimi təsnif edilməyən radioaktiv yanacaq meydana gəlib.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Akop Vardanyan deputat Mikael Melkumyanın bu tullantıların hərbi məqsədlər üçün istifadəsi ehtimalı ilə bağlı sualını cavablandırarkən söyləyib.

Melkumyan AES-in istismarından sonra qalan radioaktiv tullantılardan hərbi məqsədlər üçün, məsələn, ölkənin müdafiə və özünümüdafiə sistemlərinin qabiliyyətini artırmaq üçün istifadə edilməsinin mümkün olub-olmadığını soruşub.

Deputatın sualına cavab olaraq nazir müavini izah edib ki, bu halda yalnız quru anbarlarda saxlanılan radioaktiv yanacaqdan danışmaq olar:

“Bu mümkündür. Buna baxmayaraq, bu təşəbbüsün texnoloji tətbiqi barədə danışa bilmərəm, çünki bu sahədə mütəxəssis deyiləm. Kimya dərslərindən bilirik ki, plutonium atom bombası əldə etmək üçün əsas elementdir və uran yandıqda əmələ gəlir, ancaq bunu necə əldə edə bilərik və bunun üçün hansı texnoloji yeniliklərdən istifadə etməliyik, deyə bilmərəm”.

Vardanyan Ermənistanın bu məqsədinə çatması üçün bu cür texnoloji bir sıçrayış edə biləcəyinə dair suala cavab verməkdə də çətinlik çəkib. Onun sözlərinə görə, qarşısına belə iddialı hədəflər qoyan bir ölkənin müvafiq infrastrukturu və böyük tədqiqat mərkəzləri olmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər