“Baş nazir Nikol Paşinyan xəbərsiz şəkildə Sünik bölgəsinin sərhəd kəndi Şurnuxu ziyarət etdi və qısa müddətdən sonra oradan ayrıldı”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Şurnux kəndinin bələdiyyə sədri Hakob Arşakyan deyib.
O bildirib ki, baş nazir kəndə gəlib, bir neçə evi gəzib, daha sonra gedib:
“Bilmirəm, kəndlilər bunu necə qəbul etdilər. Baş nazirin kəndə gələcəyini heç kim bilmirdi. Paşinyanın kənddə olduğunu biz biləndə o artıq bir-iki evi gəzib getmişdi. Bildiyim odur ki, Paşinyan kənddə Qarabağdan qovulan bir ailəni və bir yerli kəndlini ziyarət edib. Onlarla nə danışdığı haqda da heç nə bilmirəm”.
Arşakyan əlavə edib ki, Ermənistan Prezidenti Armen Sərkisyan da Şurnuxu ziyarət edib. Amma prezidentin səfərindən iki gün əvvəl kənd adamlarına bu haqda məlumat verilibmiş:
“Əvvəlcə sakinlərlə görüşməyin gözlənilmədiyi deyilirdi, amma sonra bizə insanların prezidentləri ilə görüşə biləcəyini söylədilər. İnsanlar suallar verdilər və prezidentə ən yaxşı arzularını bildirdilər. Baş nazirin korteji kəndə gələndə isə mənə məlumat belə verilmədi”.