3 May 2022 12:57
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda vətəndaş müharibəsi olmayacaq, çünki bunun üçün vətəndaş subyekti lazımdır, müxalifətin isə ictimai resursları yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu erməni Edvard Antinyan müxalifətin keçirdiyi mitinqlərə münasibət bildirərkən deyib.

Ekspertin fikrincə, müxalifət Nikol Paşinyanın 2018-ci ildəki inqilabi tərzini yamsılayır, hakimiyyəti dəyişməyə çalışır, amma bu, mütləq iflasa uğrayacaq:

“Müxtəlif dövrlərdə baş vermiş inqilablarının adları var: “portağal”, “qızılgül”, “məxmər”i və sair. Müxalifətin bu səylərini isə “eşşəklər və falçıların nəbz yoxlanışı” adlandırmaq olar. Bəşəriyyət III Dünya Müharibəsinə doğru gedir, Ukraynadakı hərbi əməliyyatların nəticəsindən asılı olmayaraq, tezliklə yeni dünya nizamı yaranacaq, düşmən (Azərbaycan) hər gün Qarabağda mövqelərini irəli çəkir, bizim müxalifət isə küçələrdədir”.

Antinyanın sözlərinə görə, dünənki mitinq onu göstərdi ki, küçələrə çıxan müxalifət vətəndaşlardan heç bir dəstək görmür, ona görə də müxtəlif çağırışlarla çıxış edir: “Məsələn, İşxan Saqatelyan hakim “Vətəndaş Müqavilə” fraksiyasının üzvlərinə çağırış etdi, onları müxalifətin sıralarına qoşulmağa dəvət etdi”.

Politoloq qeyd edib ki, müxalifət heç bir tutarlı arqument gətirə bilmədiyi üçün mitinqləri izdihamlı keçmir:

“Nikol Paşinyan parlamentdə Qarabağın gələcəyi ilə bağlı danışarkən, mövcud durumu qapalı formatda parlament müxalifətə təqdim etməyə hazır olduğunu bildirdi. Amma parlament müxalifəti bundan imtina etdi. Baş nazir açıqladı ki, beynəlxalq birlik bizə “planka”nı aşağı salmağa çağırır. Bəs bizim müxalifət nə etdi? Birincisi, soruşmadı ki, beynəlxalq ictimaiyyət kimdir, Qərb, yoxsa Rusiya regionumuzda konsensusa gəlib? Bəs biz “planka”nı aşağı salmasaq nə olacaq? Onlar bu suallarla maraqlanmadılar və dərhal küçələrə çıxdılar”.

Antinyan müxalifət arasındakı fikir ayrı-seçkiliyinə də diqqət çəkib:

“Dünən mitinqdə Robert Köçəryanla Serj Sərkisyan da olub. Amma onlar indi də fikir ayrılıqlarını bir kənara qoymurlar. Uzun müddətdir ki, Köçəryanla Sərkisyanın münasibətlərində ciddi ziddiyyətlər var, amma onları birləşdirən məqamlar da mövcuddur.

Onların arasındakı fikir ayrılığı Sərkisyanın prezident olduğu vaxta gedib çıxır, Köçəryan hökumətdə təmsil olunacağına ümid edirdi, amma bu baş vermədi. İndi onları ümumi maraq və qorxu birləşdirir, başa düşürlər ki, vəziyyət sakitləşsə, qanun qarşısında birgə cavab verəcəklər. Buna görə də hökumətə qarşı mübarizə aparmaq üçün resurslarını birləşdiriblər”.

Edvard Antinyan vurğulayıb ki, ictimaiyyət müxalifətin tərəfində olmadığından bu hərəkat getdikcə sönəcək:

“Resurslarının olmadığını özləri də göstərirlər. Bu gün yağış yağdı, dedilər ki, evə gedirik, xəstələnməyək. İnsanlar isə illər əvvəl Köçəryana qarşı mübarizə aparanda istər soyuq, istər qar fırtınası olsun, küçədən evlərinə getmədilər. İndisə yağış yağır deyə evlərinə gedirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər