Sosial şəbəkələrdə İrəvanın mərkəzində azərbaycanlı diversantın həbs edilməsi ilə bağlı yayılan məlumat reallığa uyğun gəlmir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan deyib.
Onun sözlərinə görə, polis aprelin 8-də axşam saatlarında naməlum şəxsi narkotik maddə saxlamaq və satmaqda şübhəli bilinərək saxlayıb. Bundan sonra Daxili İşlər Nazirliyinin Baş İdarəsinə aparılan şəxsin Azərbaycan yox, Rusiya vətəndaşı olduğu üzə çıxıb.
“Üzərində narkotik maddə aşkar edilməyib, Ermənistana turist kimi gəldiyi məlum olub. Bundan sonra sərbəst buraxılıb”, - Sərkisyan deyib.
Bundan əvvəl erməni Teleqram kanallarında polis tərəfindən saxlanılan şəxsin “azərbaycanlı diversant” olması barədə məlumat yayılmış, iddia paytaxtda geniş müzakirə mövzusuna çevrilmişdi.