7 Aprel 2017 22:29
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Formula-1 yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) 2-16 yaşlı tamaşaçılara endirimli qiymətlərlə dördgünlük biletlər təklif edir.

Teleqraf.com xəbər verir ki, yalnız tribunalar üçün nəzərdə tutulan bu biletlər məhdud sayda satışa çıxarılıb və onların qiyməti tribunadan asılı olaraq, 140-480 manat arasında dəyişir.

BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim Formula-1 həvəskarlarını endirimli bilet imkanından yararlanmağa dəvət edir: “Biz azarkeşlərə Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisində ailəliklə iştirak etmək üçün geniş imkanlar təqdim etməyə çalışırıq. Ötən illə müqayisədə bu il azyaşlılar üçün daha çox endirimli bilet təklif edirik. Bu gündən etibarən azyaşlılar üçün artıq bütün tribunalara bilet almaq mümkün olacaq.

Bilet sahibləri yarışı izləməklə yanaşı, müxtəlif yaş qrupları üçün nəzərdə tutulan zəngin əyləncə proqramlarından da yararlana biləcəklər. Bir sözlə, Bakı şəhər halqasında yarış həftəsonu ərzində yarış və əyləncənin bir arada yaşandığı festival ab-havası olacaq. Hamını bilet alaraq bu fürsəti əldən verməməyə çağırıram”.

Dördgünlük bileti olan azyaşlı tamaşaçılar Azərbaycan Qran-Prisi ilə əlaqədar keçiriləcək bütün yarış sessiyalarını izləməklə yanaşı, cümə axşamı baş tutacaq “Pit yolu” gəzintisində və həmçinin yarış həftəsonu ərzində Dənizkənarı bulvar ərazisində təqdim olunan bütün əyləncə proqramlarında iştirak edə biləcəklər.

Formula-1 Azərbaycan Qran-Prisi iyunun 23-25-də keçiriləcək. Avtoidman həvəskarları yarışa biletləri şəhərin kassalarından əldə edə bilərlər. Bununla yanaşı, biletləri BŞH-nin rəsmi veb-səhifəsindən (www.bakucitycircuit.com) də onlayn qaydada alma mümkündür.


Müəllif:

Oxşar xəbərlər