“Terror bütün dövlətlərin baş bəlasına çevrilib. Əvvəl Suriya və İraqda tüğyan edir, istənilən şəhərdə partlayış törədə bilirdilər. İndi qonşu ölkələrə – Türkiyə və Avropaya gəlib çıxıblar. Yəni artıq sərhəd tanımırlar. Bu baxımdan, əlbəttə, güclü təhlükəsizlik tədbirlərinin görülməsi Avropa dövlətləri, Qərb ölkələri üçün vacibdir. Amma bəzən bu da kifayət etmir”.
Bunu Teleqraf.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib.
O bildirib ki, Fransada, Belçikada Almaniyada neçə vaxt idi terror aktı baş vermirdi, bu ölkələr özünü qoruya bilirdi: “Amma sonda gördük ki, terror Almaniyanı da vura bilər.Terrorçular bununla mesaj göndərirlər ki, heç bir dövlət onlar üçün əlçatmaz deyil. Ona görə də böyük dövlətlərin terrora qarşı birgə mübarizəsinin təşkili getdikcə daha da aktuallaşır.
Düzdür, bəzi məsləhətləşmələr olub, İŞİD-ə qarşı da müxtəlif koalisiyalar var, amma azdır. Birbaşa hansısa qurum çərçivəsində əsas terror təşkilatına qarşı birgə mübarizənin təşkilinə ehtiyac var.
Məsələn, Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsini götürək. Xəbər yayıldı ki, Rusiya əvvəlcədən xəbərdar olub və guya Türkiyə hakimiyyət rəsmilərini məlumatlandırıb. Bu faktın özü də ondan xəbər verir ki, əslində bir dövlət o biri dövlətdə baş verən hadisələrdən əvvəlcədən xəbər tuta bilər. Əgər koordinasiya olsa bu işi daha keyfiyyətli görmək mümkündür. Çünki terrorçular hazırda Suriya və İraqda müəyyən məğlubiyyətlə üzləşirlər və gələcəkdə də üzləşəcəklər. Ona görə də onlar fəaliyyətlərini artıq başqa müstəvidə həyata keçirməyə çalışacaqlar. Bu da bizim gördüyümüz Avropa ölkələrindəki terror hadisələridir”.
E.Şahinoğlu bildirib ki, terrorçular təkcə avropalıları deyil, müsəlmanları da qətlə yetirirlər: “Türkiyədə törədilən terror aktını götürək. Hava limanına hücum etdilər. Orda öldürülənlərin çoxu Türkiyə vətəndaşları idi. Məgər Türkiyə vətəndaşları xristiandır? Yəni, onlar üçün artıq müsəlman-xristian məsələsi qalmayıb. Qarşılarına çıxanları, hətta öz inanc daşıyıcılarını qətlə yetirirlər. Artıq onlar üçün müqəddəs heç nə qalmayıb. Əsas odur ki, dünyaya “biz varıq, biz güclüyük və hamıya qarşı bu cür hadisələri törədə bilərik” mesajını göndərirlər. Ona görə də bu vəziyyət getdikcə dünyanı da təhlükəli həddə gətirib çıxarır. Yenə də təkrar edirəm ki, ortaq mübarizəyə ehtiyac var. Hərə öz koalisiyasını yaratsa, az uğur qazanmaq olar. İndi Almaniyada terror baş verib. Gərək Almaniya özü də bu məsələni qaldıra ki, terrora qarşı mübarizə birliyi formalaşsın. Çünki müxtəlif koalisiyalar var. Rusiyanın öz koalisiyası var, Amerikanın öz koalisiyası var. İndi Türkiyə ilə ABŞ arasında münasibətlər soyuyub, bu koordinasiyada müəyyən problemlər yarada bilər. Amma bu terror hadisələri göstərir ki, əslində dünyanın başlıca problemi məhz terrora qarşı mübarizə olmalıdır.
Düzdür, indi Rusiyanın siyasətindən Amerikanın, yaxud Amerikanın hansısa addımlarından Rusiyanın narazılığı var. Amma hər ikisinin güclü kəşfiyyat xidmətləri var. Bu kəşfiyyat xidmətləri əməkdaşlıq etsələr, üstəlik Türkiyə və digər dövlətləri bu prosesə qoşsalar bəlkə də bu terror hadisələrinin qarşısını bir qədər almaq və mübarizə aparmaq olar. Yox, dövlətlər ayrı-ayrılıqda mübarizə aparsalar, bunun effekti az olacaq”.
Səxavət HƏMİD