1 İyul 2014 17:54
1 825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə bu il avqustun 10-da keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin adları bəllidir. Müxalifət bu dəfə seçkilərə İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu ilə gedəcək. Hakim partiyanın namizədi isə baş nazir Rəcəb Tayyib Ərdoğandır. Hər iki siyasətçi Türkiyədə kifayət qədər nüfuz sahibidir. Onlardan hansının reytinqinin yüksək olduğunu söyləmək çətin olsa da, seçkilərin gərgin mühitdə keçəcəyi şəksizdir. Artıq Türkiyədə seçki gərginliyinin işartıları müşahidə olunmaqdadır.

Rəcəb Tayyib Ərdoğan və Ekmələddin İhsanoğlunun nüfuzlarının müqayisəsini aparan politoloq Qabil Hüseynli keçiriləcək prezident seçkilərinin Türkiyə-Azərbaycan münasibətlərinə təsirini Teleqraf.com üçün şərh edib.

Plitoloqa görə, hələ bir neçə il öncə Ərdoğan Türkiyədə parlament üsul-idarəsini prezident üsul-idarəsinə çevirmək istəyirkən o, öz gələcəyi üçün gün ağlayıb: "Prezident səlahiyyətlərini genişləndirməklə Ərdoğan gələcəkdə üzləşə biləcəyi problemləri nəzərə alıb. Amma deyim ki, Ərdoğan üçün seçkilər o qədər də asan olmayacaq. Ekmələddin İhsanoğlu beynəlxalq aləmdə daha yaxşı tanınır və daha nüfuzlu şəxs hesab olunur. Akademik adamdır, intellektual səviyyəsi var. İhsanoğlu təmiz, şəffaf adamdır. Onun həyatında neqativlik tapmaq mümkün deyil. Bunu Ərdoğan üçün demək olmaz. Siyasi qalmaqallar, intriqalar, korrupsiya, siyasi həbslər və s. neqativ informasiyalar Ərdoğanın imicinə mənfi təsir göstərir. Türkiyədə Ərdoğanın bir neçə nazirinin korrupsiyada ittiham olunması və vəzifələrindən azad olunması baş nazirin tərcümeyi-halını ləkələyir. Türkiyədə keçirilən mübahisəli bələdiyyə seçkilərində Ərdoğan 44.5 faiz səs toplaya bilmişdi. Seçkilərin nəticələri şübhə altına alındı. Bələdiyyə seçkiləri Türkiyədə keçirilən ən pis seçki hesab olunur. Bütün bunlara baxmayaraq, Ərdoğanın partiyası səslərin yarıdan çoxunu qazana bilməmişdi. Siyasi araşdırmalar göstərir ki, prezident seçkilərində Ərdoğanın ala biləcəyi səs 40 faizindən aşağı olacaq. Ola bilsin ki, hazırda İhsanoğlunun reytinqi Ərdoğanın reytinqi aşağıdır. Amma seçki kampaniyası dövründə o, reytinqini qaldıra biləcək. Qərb dünyası Türkiyədə keçiriləcək seçkilərə çox ciddi diqqət ayırır. NATO üzvü olan Türkiyədə sekulyarizmin dayaqları zəifləyir, teokratik rejmin sütunları güclənir. Dünyəviliyin tərəfdarı olan qüvvələr seçkilərdə, şübhəsiz ki, Ərdoğanı dəstəkləyəcəklər. İhsanoğlunu dəstəkləyən qüvvələrin kamalçı, atatürkçü olduğunu da unutmamalıyıq. Bu mənada müxalifətin namizədinin işi o qədər də asan olmayacaq. O, atatürkçülük ideyalarını inkişaf etdirməli, dünyəvi dəyərlərə yaxınlaşdırmalıdır".

Q.Hüseynli bildirib ki, MHP sədri Dövlət Baxçalının qənaitinə görə, Ərdoğanın həyata keçirdiyi layihələr Türkiyə üçün bəlalar gətirir: "CHP sədri Kılıçdaroğlu da Ərdoğanı populist, demoqoq adlandırıb. Deyib ki, Ərdoğan uzun illərdir ki, insanların gözünü qabar edib. 12 ildir ki, cəmiyyətə rəhbərlik edən AKP-yə qarşı olanların sayı artır.

Amma Ərdoğanın şanslarının birmənalı şəkildə aşağı olduğunu söyləmək olmaz. Ərdoğanın dövründə demokratik dəyərələr, seçki azadlığı boğulsa da, iqtisadi inkişaf müşahidə olunub".

Türkiyədə keçiriləcək seçkilərdə Azərbaycanın hansı mövqe tutmasına gəlincə, Q.Hüseynli bildirdi ki, hakimiyyətdəki qüvvənin kimliyindən asılı olmayaraq, Türkiyə-Azərbaycan münasibətləri strateji xarakterli olaraq qalacaq: "Amma Ekmeleddin İhsanoğlu Azərbaycan üçün daha cəlbedicidir. O, İslam Əməkdaşlıq Təşkilatının baş katibi olanda Azərbaycana xüsusi münasibət göstərdi. İlk dəfə olaraq Bakı İslam mədəniyyətinin paytaxtı oldu. İslam Əməkdaşlıq Təşkilatının sessiyalarından biri Bakıda keçirildi. Qurumun gənclər təşkilatının toplantısı da paytaxtımızda oldu. Bir məqamı da qeyd edim ki, İhsanoğlunun əsli Azərbaycanın Şirvan mahalındandır. İhsanoğlu prezident olsa, Türkiyə-Azərbaycan münasibətləri daha da güclənəcək".

Ruslan


Müəllif: