Günün ikinci yarısında ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasov şahidlərin polis idarəsinə çağrılaraq təzyiqə məruz qalmalarının araşdırılması üçün Bakı şəhər Prokurorluğuna müraciət edildiyini bildirib.
Prokurorluq isə araşdırma üçün məhkəmədən vaxt istəyib.
Daha sonra vəkillər çıxış edib. Onlar təqsirləndirilən şəxslərlə bağlı ekspertiza keçirən ekspertin heç bir avadanlıqdan istifadə etmədiyini deyiblər.
Vəkillər qeyd edib ki, ekspert xəsarətləri qeydə almayıb. Hakim isə bununla bağlı Ekspertiza İdarəsinin rəhbərliyinə müraciət ediləcəyini söyləyib.
Proses noyabrın 7-də davam edəcək.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da baş verən Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər.
Onlar bildiriblər ki, ötən məhkəmə iclasında ifadə verən şahidlər polisə aparılıb: "Onlardan 10 nəfəri axşam evə buraxılıb, digər ikisi isə hələ də polis idarəsindədir. Məhkəmədən xahiş edirik ki, Baş Prokurorluğa və Sabunçu Rayon Polis İdarəsinə bununla bağlı məktub göndərəsiz".
Vəsatət təmin edilib.
Təqsirləndirilən Şamil Abdullayevin vəkili də vəsatət qaldırıb. O, hüquqlarını müdafiə etdiyi şəxsin hadisə zamanı yaralı vəziyyətdə xəstəxanaya kənd camaatı tərəfindən aparılması ilə bağlı şəkil təqdim edib: "Məhkəmə prosesində ifadə verən polislər isə bildiriblər ki, Şamili xəstəxanaya onların çağırdığı təəcili tibbi yardım maşını aparıb. Buna görə, məhkəmədən xahiş edirəm ki, həmin polislərin barəsində ölçü götürülsün".
Məhkəmə həmin fotonun cinayət işinə əlavə edilməsini təmin edib, digər məsələyə isə sonra baxılacağı qeyd edilib.
Daha sonra "Azadxəbər" internet qəzetinin baş redaktoru İlkin Məmmədov və jurnalist Samir Mirzəzadə ifadə verib. Onlar Taleh Bağırovun dövlət əlehinə çıxış etməsi ilə bağlı heç nə eşitmədiklərini bildiriblər.
Sonra Fuad Qəhrəmanlının statusuna şərh yazmış Firdovsi Sadıqov ifadə verib.
Proses günün ikinci yarısında davam edəcək.
Hacı Zeynalov