Dövlət Gömrük Komitəsi büdcə proqnozuna artıqlaması ilə əməl edib.
Teleqraf.com APA-ya istinadla xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev məlumat verib.
Komitə sədrinin sözlərinə görə, komitənin xətti ilə ilin əvvəlindən bu günə kimi büdcəyə 1 mlrd. 960 mln. manat vəsait köçürülüb, bu, nəzərdə tutulan büdcə proqnozundan 150 mln. manat artıqdır.
Aydın Əliyev eyni zamanda Azərbaycanın gömrük keçid məntəqələrinin gücləndirilmiş iş rejiminə keçdiyini bəyan edib.
Onun sözlərinə görə, Gürcüstan “Yuxari Las” ərazisində qar uçqunları olduğundan Rusiya istiqamətində gedən yüklərin Azərbaycan ərazisindən keçəcəyi gözlənilir: “Bu həm Avropadan gələn, həm Türkiyədən, həm də Gürcüstandan gələn yüklər ola bilər. Bununla bağlı dünəndən “Sınıq körpü” gömrük-sərhəd keçid məntəqəsinə, eyni zamanda digər gömrük-sərhəd keçid məntəqələrinə göstəriş verilib və həmin məntəqələr gücləndirilmiş iş rejiminə keçirilib. Növbəyə çıxan işçilərin sayı artırılıb. Bu istiqamətdə bütün hazırlıq işləri yerinə yetirilib”.