Bakı Nəqliyyat Agentliyi paytaxtda fəaliyyət göstərən sərnişin daşıyıcı şirkətlərə qış rejiminə keçidlə bağlı tələblər ünvanlayıb.
Teleqraf.com-un məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarlarından irəli gələn və agentlik tərəfindən hazırlanan və Bakı nəqliyyat planında olan tələblərdir.
Bakı Nəqliyyat Agentliyinə təkərlərin, mühərrikin tam qış rejiminə uyğunlaşdırılmaması, avtobus salonundakı pəncərələrin normal vəziyyətdə olmaması və digər tələblərin tam yerinə yetirilməməsi ilə bağlı müraciət daxil olarsa, onda həmin daşıyıcılarla bağlı tədbirlər görüləcək.
Nuridə Allahyarovanın sözlərinə görə, qəsəbələrdən gələn avtobusların bir çoxunun pəncərələrində problemlər görülən tədbirlər nəticəsində aradan qaldırılıb:
“Bakı Nəqliyyat Agentliyinin baş direktorunun xüsusi tapşırığı var. Agentliyin rəhbər şəxsləri aidiyyəti daşıyıcı şirkətlərlə birlikdə problemlərin yerindəcə aşkarlanması və aradan qaldırılması məqsədilə mütəmadi monitorinqlər keçirirlər. Qarşıda gələn aylarda bu monitorinqlər daha çox keçiriləcək”.
İlhamə ƏBÜLFƏT