6 Yanvar 2017 14:09
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təmir işləri ilə əlaqədar yanvarın 6-dan etibarən şənbə və bazar günləri də daxil olmaqla paytaxtın prospekt və küçələrində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması Neftçilər prospektinin Nobel prospekti ilə kəsişməsi, Cəfər Xəndan küçəsi - Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arası və Nəcəf Nərimanov küçəsində tətbiq olunacaq.

Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissəsində yanvarın 6-sı günorta saatlarından etibarən dəmir yolu relslərinin sökülməsi işlərinə başlanılacaq. İşlərin yaxın 2 gün ərzində yekunlaşdırılması planlaşdırılır. Relslər hissə-hissə söküldüyündən avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq.

Binəqədi rayonu Cəfər Xəndan küçəsinin Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən hissəsində yeni su xətləri çəkilir və hazır hissələrin asfaltlanması işləri görülür. Təmir işləri növbəti iş həftəsinə qədər davam etdiriləcək.

Eyni zamanda, Nərimanov rayonu ərazisindəki Nəcəf Nərimanov küçəsində asfalt-beton örtüyünün yenilənməsi işləri aparılır.

Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddət ərzində imkan daxilində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.

Qeyd olunub ki, hərəkətin qismən məhdudlaşdırılması zamanı yol tam bağlanmır. Təmir işləri hissə-hissə aparılır və buna müvafiq olaraq hərəkət zolaqlarından biri və ya bir neçəsi bağlı olur, hərəkət digər zolaqlar üzrə təmin olunur.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər