16 Yanvar 2017 22:11
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il yanvar ayında keçirilən Davos Dünya İqtisadi Forumu başlayır. Forumda il ərzində dünyanı gözləyəcək əsas iqtisadi hadisələr müzakirə olunur, müxtəlif panellərdə fikir mübadilələri aparılır. Bu il də dünya ölkələrinin dövlət və hökumət başçıları, müxtəlif iri korporasiyaların rəhbərləri Davosda bir araya gələcəklər.

Artıq Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfər edib. Prezident Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşüb.

Onu da bilrirək ki, bir neçə gün öncə Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsi verilib.

Davos İqtisadi Forumunun əhəmiyyətini dəyərləndirməsi və Azərbaycanın bu forumda iştirakının ölkəmizə qazandırdığı məsələlər barədə fikirlərini öyrənmək üçün müraciət etdiyimiz Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib ki, Davos forumu artıq dünyanın ildə bir dəfə böyük diqqət yetirdiyi intellektual fikir mübadiləsi platformasına çevrilib. Onun sözlərinə görə, dünya dövlət başçılarının, bu və ya digər sahədə tanınmış mütəxəssislərin qeyri-rəsmi görüşlərinin keçirildiyi, müxtəlif aktual məsələləri müzakirə etdiyi bu format artıq özünü kifayət qədər doğruldub: “Azərbaycan artıq çoxdandır, müstəqil dövlət kimi Davos Forumunun fəaliyyətində iştirak edir və Azərbaycanın forumda iştirakı maraq doğurur. Əgər əvvəllər müzakirələr Azərbaycanın uğurlu geosiyasəti, geosiyasi mövqeyi və təbii sərvətləri ilə bağlı idisə, son dövrlərdə artıq söhbət Azərbaycanın milli dövlət və sabit cəmiyyət quruculuğunda qazandığı nailiyyətlərlə bağlıdır. Azərbaycan kimi start mövqeyindən başlayan ölkələr az deyil. Ancaq onların cəmi bir neçəsini çıxmaq şərti ilə digərləri hələ də o start vəziyyətində, ciddi problemlər içərisində qalıblar. Cənab prezidentin şəxsən özünün forumda iştirakı, Azərbaycan təcrübəsinin yayılmasında, Azərbaycanla dünya dövlətlərinin münasibətlərinin birbaşa qurulmasında böyük rol oynayıb. Cənab prezident ulu öndər Heydər Əliyev tərəfindən başlanan hüquqi-demokratik və milli köklərə söykənən dövlət quruculuğu siyasi xəttini davam etdirir və bu istiqamətdə böyük uğurlar qazanır. Bu gün Azərbaycan dövlət quruculuğunun hər bir sahəsi üzrə böyük nailiyyətlərə malikdir. İqtisadiyyatımız sabitləşib, təbii ehtiyatlarımız cəmiyyətin firavanlığı naminə işləyir. Azərbaycan beynəlxalq birlikdə stabil və təhlükəsiz dünya uğrunda poseslərə böyük töhfə verən ölkələrdən biri sayılır. Azərbaycan bu gün regionun lider dövlətidir və ümumən götürdükdə regionun və digər ətraf bölgələrin inkişafı üçün bir neçə uğurlu təşəbbüsün müəllifidir və bu təşəbbüslər öz nəticələrini verməkdədir”.

A.Mirzəzadə hesab edir ki, Davos Forumu Azərbaycanın iştirakı ilə daha da zənginləşir, mahiyyəti daha da dərinləşir: “Azərbaycanın Davos Forumunda iştirakı məsələsi ilə bağlı Azərbaycan prezidentinin bugünlərdə yazdığı böyük məqalədə bütün bu məsələlərə ciddi şəkildə toxunulur. Azərbaycan prezidentinin məqaləsi ilə tanış olan hər bir şəxs artıq Azərbaycanın təkcə inkişaf edən ölkələr deyil, inkişaf etmiş ölkələr üçün də yaxşı bir nümunə olacağı qənaətinə gəlir. Demək lazımdır ki, artıq bu məqalə böyük maraq doğurub”.
Forumun yeni işə başladığını vurğulayan deputat Prezident İlham Əliyevin ilk görüşünün dünyanın aparıcı beynəlxalq banklarının birinin rəhbəri ilə keçirildiyini söyləyib: “Cənab prezidentin digər rəsmi şəxslərlə də görüşü gözlənilir. Əvvəllər olduğu kimi cənab prezident eyni zamanda bir neçə platformalarda çıxış edəcək və hesab edirəm ki, ümumən götürdükdə Azərbaycanın mövqeyi böyük maraq doğuracaq. Əlbəttə, əgər Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal edilməsəydi Azərbaycanın uğurları daha böyük olardı. Azərbaycanla Ermənistana qalsa idi, Azərbaycan çoxdan bu problemi həll etmişdi. Çox təəssüf ki, Ermənistanı dəstəkləyən müəyyən qüvvələr, müəyyən beynəlxalq dairələr var. Çox təəssüf ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə sadəcə iki ölkənin konflikti kimi baxan ölkələr var və problemin həllinə beynəlxalq hüquq prinsipləri çərçivəsində deyil, subyektivlik baxımından baxış da problemin indiyədək həll olunmamış qalmasında rol oynayır. Amma bütün bunlara baxmayaraq Azərbaycan özünün inkişafında uğurlar əldə edib və bundan sonra da edəcək. Davos Forumu bir daha Azərbaycanın mövqeyini dünyaya çatdırmağa çox böyük köməyi olacaq”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər