Bu gün Qazaxıstanın paytaxtı Astanada Suriya böhranının həlli üçün sülh danışıqları başlayacaq.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, görüş öncəsi vəziyyətlə bağlı Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko açıqlama verib.
Onun sözlərinə görə, Astanadakı görüşün formatı hələ müzakirə olunur: "Məsələ görüş başlayanda həllini tapacaq. Biz maksimum nəticəyə ümid edirik. Görüşün uzadılması danışıqların nəticəsindən asılıdır. Biz prosesi dəstəkləməyə hazırıq".
Vasilenko əlavə edib ki, Suriya müxaliflərinin nümayəndə heyətinin vahid rəhbərliyi və platforması yoxdur: "Astana görüşünə qatılmaq üçün 15 müxalif qrup Qazaxıstana gəlib. Hər qrup öz mövqeyindən çıxış edir".
O bildirib ki, Qazaxıstan Suriya böhranının həlli üçün növbəti danışıqlara ev sahibliyi etməyə hazırdır.
Qeyd edək ki, iki gün davam edəcək danışıqlarda Rusiya, İran, Türkiyə, ABŞ nümayəndə heyətləri və BMT-nin xüsusi nümayəndəsi Staffan de Mistura da iştirak edəcək.
Samir