Bu gün İstanbulda Azərbaycan Cümhuriyyətinin əsas qurucularından Məhəmmədəmin Rəsulzadənin doğumunun 133-cü ili münasibətilə tədbir keçirilib.
Teleqraf.com-un məlumatına görə, İstanbul Azərbaycan Kültür Evində keçirilən tədbirdə Rəsulzadənin həyat yolu haqqında geniş məlumat verilib, sənədli film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Kültür Evinin başqanı Hikmət Elp Rəsulzadənin Azərbaycan tarixində oynadığı mühüm rol haqqında danışıb, onun Türkiyədəki fəaliyyətinə toxunub.
Rəsulzadənin doğumunun 133-cü ildönümü ilə bağlı təqdimat hazırlayan Teleqraf.com-un Türkiyə təmsilçisi Dilqəm Əhməd Rəsulzadə haqqında nadir materiallar yayımlayıb, onun 1918-ci ildə İstanbuldan Azərbaycan hökumətinə göndərdiyi məktubu oxuyub.
D.Əhməd bildirib ki, İstanbulda Rəsulzadə ilə bağlı tədbirin keçirilməsinin bir sıra səbəbləri var: “Azərbaycan Cümhuriyyətinin işğalından sonra Rəsulzadənin sistemli şəkildə sovetlərə qarşı ilk mübarizəsi məhz İstanbulda başlayıb. Ona görə də İstanbulda təhsil alan, yaşayan, çalışan azərbaycanlıların belə bir gündə bir arada olması milli birliyimiz üçün xüsusi önəm daşıyır”.
Tədbirdə İstanbul Azərbaycan Kültür Evinin İdarə Heyətinin üzvləri, Bütöv Azərbaycan Ocaqlarının İstanbul təmsilçisi Babək Türkoğlu, Güney Azərbaycanlı milli fəal Oğuzrza Sadıqoğlu və digər qonaqlar iştirak ediblər.
Bəkir
Fotolar: Kənan Rza